"Qüds sammiti"ni boykot edən ərəb şahzadələrin gizli görüşü - TƏFƏRRÜAT
İstanbulda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Qüds məsələsi bağlı toplantısına aşağı səviyyədə qatılan Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) şahzadələrinin həmin vaxt Ər-Riyadda bir araya gəldiyi məlum olub.
APA TV-nin krallığın rəsmi agentliyi SPA-ya istinadən məlumatına görə, Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanla BƏƏ şahzadəsi Məhəmməd bin Zayedin görüşünün mövzusu Yəmən olub.
Görüşdə Yəməndəki son vəziyyət, husi üsyançılarına qarşı, İranın bölgədə dəstək verdiyi digər silahlı qruplaşmalara qarşı qəti və birgə mübarizəyə start verilməsi məsələləri müzakirə edilib. Bundan əlavə onlar "İxvan" hərəkatına yaxınlığı ilə tanınan Yəmən İslahatçılar Partiyasının rəhbərliyi ilə də görüşüb.
Bundan əvvəl isə vəliəhd bin Salmanla Küveytdə bir araya gələn BƏƏ şahzadəsi Ər-Riyadla yeni və əhatəli bir ittifaqa imza atdıqlarını açıqlayıb.
Xatırladaq ki, İstanbulda İƏT-in fövqəladə toplantısı keçirilən gün Səudiyyə aviasiyası Yəmənə hava zərbələri endirib, nəticədə 40 nəfər ölüb, 100-ə qədər insan yaralanıb.