Səlim Müslümov: "Pensiyaların nə qədər artırılacağı yanvarda məlum olacaq"
"2018-ci ilin yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Statistika Komitəsindən 2017-ci il üçün ölkə üzrə orta aylıq nominal əməkhaqqının artım tempi barədə məlumat alacaq. Həmin faizə uyğun olaraq pensiyaların ümumi məbləği indeksləşdirilərək artırılacaq". APA TV-nin xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.
"Artıq əmək pensiyalarının artırılmasının yeni mexanizmi ortaya qoyulub. Edilmiş dəyişikliklərə görə, əmək pensiyalarının "baza hissəsi" və "sığorta hissəsi" anlayışları yoxdur. Bu anlayışlar birləşdirilib. Əmək pensiyasının artıq bütöv məbləği var və artırılma da bütöv məbləğə tətbiq olunacaq" - deyən nazir pensiyaların necə artırılacağını da açıqlayıb: "Əgər ölkə üzrə 2017-ci il ərzində orta aylıq nominal əməkhaqqının artım sürəti 7% olarsa, məsələn, 250 manat məbləğində pensiya alan adamın pensiyası 250 manatın 7%-i qədər artacaq ki, bu da 17,5 manat edir. Bu misalı aydınlaşdırmaq üçün çəkdim. Bu, kimlərə tətbiq olunmayacaq? Dövlət qulluqçusu, hərbi qulluqçu, Mərkəzi Seçki Komissiyasının üzvü, Hesablama Palatasının üzvü, deputat və sair bu kimi kateqoriyadan olan şəxslərə bu artım şamil olunmayacaq".
S.Müslümov əlavə edib ki, yanvarın 1-dən etibarən "İşsizlik sığortası haqqında qanun" qüvvəyə minəcək: "İşsizlik müavinəti anlayışı ortadan qalxır, onun yerinə artıq sığorta ödənişləri ifadəsi gəlir. Buna uyğun olaraq da qeydiyyata düşmə artıq fərqlənəcək. Bildiyiniz kimi, işsizlik müavinəti ancaq işsiz kimi qeydiyyata düşənə verilirdi. İndi isə istənilən sığorta olunmuş şəxs iş axtaran kimi qeydiyyata düşdükdə, artıq həmin hüququ əldə etmiş olacaq".
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, Beynəlxalq Əmək Təşkilatı və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında Niyyət Məktubu imzalanıb. Sənədi Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT İP-in rezident nümayəndəsi Qulam İsakzai və BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Ofisinin direktoru Olqa Kulayeva imzalayıblar.