Müdafiə nazirinin müavini Milli Məclisdə: "Düşmən bizə qarşı..."

Milli Məclisin növbəti plenar iclası keçirilib. APA TV-nın məlumatına görə, Spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 39 məsələ daxil edilib.

 

İclas “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsinin müzakirəsi ilə başlayıb.

 

Müzakirələr zamanı Silahlı Qüvvələrdə müddətdən artıq xidmətə götürənlərlə bağlı xüsusi nəzarətin tətbiq edilməsi təklif olunub. Deputat Naqif Həmzəyev bildirib ki, müddətdən artıq xidmətə götürülənlərlə bağlı sənədləşmə aparılarkən Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin yerlərdəki bölmələrindən xüsusi arayışın alınması lazımdır. O, hərbi hissələrdə işə götürülən mülki işçilərin də eyni yoxlanışdan keçməsini təklif edib: “Bəzən olur ki, mülki şəxs olan peşəkar aşpaz və yaxud digər xidmət növü nümayəndəsi hərbi qurumda işə götürülür. Bu zaman bu şəxslər də müvafiq qurumlar tərəfindən yoxlanılmalıdır”.

 

Deputat Qüdrət Həsənquliyev peşəkar səviyyədə fəaliyyət göstərən medianın, jurnalistlərin Silahlı Qüvvələr haqqında məlumatlar yazmasına məhdudiyyətlər qoyulmasına etiraz edilib. O qeyd edib ki, ordudakı problemlərdən yazmadıqca, o problem daha da artacaq: “Əlbəttə, hərbi sirr qorunmalıdır və onsuz da qorunur. Amma peşəkar fəaliyyət göstərən jurnalistlərə ordudan yazmağı qadağan etmək, məhdudlaşdırmaq düzgün deyil”.

 

Deputat Azay Quliyev də ordu üzərində ictimai nəzarətin vacibliyini qeyd edib.

 

Siyavuş Novruzov isə çıxışı zamanı qeyd edib ki, ordu cəmiyyətə qapalı olmalı, mətbuat Müdafiə Nazirliyinin yaydığı məlumatdan kənar xəbər yaymamalıdır: “Deputatların parlament və ya qeyri-hökumət təşkilatlarının orduya nəzarət tələbinə cavab olaraq deyim ki, Azərbaycanda Silahlı Qüvvələrə nəzarət Ali Baş Komandan tərəfindən həyata keçirilir. Hər hansı nöqsan baş verdikdə, Ali Baş Komandan tərəfindən struktur dəyişikliyi və ya digər məsələlər həyata keçirilir. Belə olan halda, orduya nəzarətin hər hansı qeyri-hökumət təşkilatı tərəfindən həyata keçirilməsi təklifini irəli sürmək düzgün deyil”.

 

Daha sonra müdafiə nazirinin şəxsi heyət üzrə müavini, general-leytenant Kərim Vəliyev “Silahlı Qüvvələr haqqında” yeni qanun layihəsi ilə bağlı deyilənlərə münasibət bildirib. O qeyd edib ki, ötən dəfə müzakirələr zamanı deputat Qüdrət Həsənquliyev Tərtərdə hərbi hissələrin birində baş verən özbaşınalıqla bağlı məsələyə toxunub: “Bu məsələ dərhal bütün mediada yayılmağa başladı. Mən məlumat əldə edən kimi dərhal Qüdrət müəllimlə telefon vasitəsilə əlaqə saxladım. Onun özü də bu məlumatın getməsinə təəccübləndi. Bildirdi ki, media onun nə vaxtsa səsləndirdiyi fikirləri işıqlandırıb. Ordu haqqında nəsə deyəndə diqqətli olmalıyıq. Bu həssas məsələdir. Müharibə şəraitindəyik. Hər neqativ haldan düşmən təbliğatında bizə qarşı işlənilir. Bizdə ictimai nəzarət də var. Bir sıra şəxslər, deputatlar gəlib ordudakı şəraitlə tanış olurlar. Kim müraciət edirsə, onu qəbul etməyə hazırıq. 50-dən çox akkreditə olunmuş jurnalist var. Lazım olanda onlar ön cəbhədə çəkiliş edirlər. Ombudsman Aparatı, Baş Prokurorluq da Silahlı Qüvvələrə nəzarət edir”.

 

Generalın dediklərinə reaksiya verən spiker Oqtay Əsədov onu narahat olmamağa çağırıb: “Cənab general, unutmaq lazım deyil ki, burada tənqidi fikir səsləndirən hər deputat Azərbaycan Ordusundakı hər məsələyə görə özünü məsuliyyətli sayır, cavabdeh hesab edir. Düzdür, Milli Məclisdə çıxışlar var. İndi Qüdrət müəllimin çıxışını araşdıraq. Bəzən jurnalistlər  məsələni kontekstdən çıxarıb yayırlar. Tənqid həmişə olur”.

 

Vitse-spiker, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov isə deyib ki, mətbuatın ordudan yazmasına Müdafiə Nazirliyinin mətbuat xidməti vasitəsilə lazımı şərait yaradılır və bundan artığını etmək düzgün deyil. O, ABŞ-ın İraqdakı əməliyyatları zamanı yaranmış vəziyyəti nümunə gətirib: “ABŞ-ın İraqda müharibə zamanı etdiyi kimi, biz də deyək ki, ümumiyyətlə, ordudan yazmaq lazım deyil? Belə edək istəyirsiniz? İndi ABŞ kimi deyək ki, “gedin, işinizlə məşğul olun, biz müharibə aparırıq?”

 

Vitse-spiker zaldakı jurnalistlərə üzünü tutaraq, “Eşitdiniz, hörmətli jurnalistlər? Nə var, onu yazın!” söyləyib.

 

Azərbaycan Ordusuna düşməni öz ərazimizdən qovmaqla yanaşı, işğalçı ölkə ərazisində təqib etməsi səlahiyyətinin verilməsini təklif edən deputat Tahir Kərimlinin fikirlərinə Z.Əsgərov reaksiya verib: “Tahir müəllim, o halda bu, işğal sayılacaq”.

 

Parlamentin iclasında Penitensiar Xidmətin fəaliyyətindən də narazılıq ifadə olunub. Deputat Fazil Mustafa bildirib ki, qurum qeyri-peşəkarlardan ibarət komanda ilə fəaliyyət göstərir. O qeyd edib ki, xidmət nəzarətdən kənarda qalıb: “Ədliyyə naziri özü də dəfələrlə Penitensiar Xidmətin fəaliyyətində nöqsanların olduğunu bildirib”.

 

İclas müzakirələrlə davam edib. 

Müəllif | Apa.Tv
Apa.tv