Sərhəddə mina partlayışı, erməni ordusunda insidentlər, yenə şəhid verdik - CƏBHƏNİN 7 GÜNÜ
Həftə ərzində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edib. Torpaqlarımızın bir hissəsini işğal altında saxlayan Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə boyu atəşkəs rejimini 859 dəfə pozub. Atəşkəsin ən çox pozulması halı çərşənbə gününə təsadüf edib, dekabrın 13-də ermənilər 136 dəfə mövqelərimizi atəşə tutub. Digər günlərə nisbətən atəşkəs rejimi ötən bazar və bu gün daha az pozulub - 115 dəfə.
Düşmən təxribatları bununla da bitməyib. İşğalçı ordu daim atəş altında saxladığı Ağdamın Orta Qərvənd kəndini yenə hədəfə götürüb. Xoşbəxtlikdən insan itkisi olmayıb. Lakin evlərə və kəndlilərin təsərrüfatına ziyan ciddi dəyib. Sakinlər düşmənin gecə saatlarında daha da azğınlaşdığını, adətən iriçaplı silahlardan atdığını bildirir.
Ötən həftə 60-dan çox xarici ölkənin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrinin, beynəlxalq təşkilatların rəhbərlərinin, həmçinin kütləvi informasiya vasitələri nümayəndələrinin Tərtər rayonuna səfəri təşkil olunub. Onlar rayonda 1170 məcburi köçkün ailəsi üçün yeni salınan çoxmərtəbəli yaşayış kompleksi və orada yaradılmış şəraitlə, həmçinin Tərtər rayonunun Şıxarx qəsəbəsində ermənilərin Azərbaycana qarşı ərazi iddialarını ifşa edən, yenidən bərpa olunmuş "Marağa-150" abidəsi ilə yerində tanış olublar.
Düşmən ordusunda qalmaqallar keçdiyimiz həftə də davam edib. Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində erməni əsgər xidmət yoldaşını güllələyib. Hadisə dekabrın 11-də axşam saatlarında, təmas xəttinin şimal istiqamətində baş verib. 1996-cı il təvəllüdlü Narek Adibekyan xidmət yoldaşının açdığı atəş nəticəsində ölüb. Elə həmin gün Ermənistan ərazisində, Azərbaycanla dövlət sərhədində daha bir insident zamanı qarşı tərəfin əsgəri minaya düşüb. 1998-ci il təvəllüdlü Artur Danielyanın hansı səbəbdən postunu tərk etdiyi məlum deyil, Ermənistan müdafiə nazirinin mətbuat katibi Arsrun Ovannisyan bildirib ki, yaralı əsgərin vəziyyəti ağır qiymətləndirilir.
Azərbaycan Ordusu da, təəssüf ki, şəhid verib. Dekabrın 14-də düşmən tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Salahov Fizuli Süleyman oğlu şəhid olub. Ertəsi gün şəhid Şabranın Gəndob kəndindəki qəbiristanlıqda torpağa tapşırılıb. 39 yaşlı F.Salahov 2003-cü ildə Silahlı Qüvvələrdə xidmətə başlayıb. Onun iki oğlu var.
Ötən həftə Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatası "Çıraqov və başqaları Ermənistana qarşı" işi ilə bağlı yeni qərar çıxarıb. Qərara əsasən Ermənistan hökuməti vurduğu maddi və mənəvi ziyan üçün 6 şikayətçinin hər birinə 5 min avro ödəməli və ümumi xərclər üçün 28 642 funt-sterlinq ödəniş etməlidir. Laçın rayon sakinləri olan 6 şəxs 1992-ci il mayın 17-də zorla evlərindən qovulub, onların mülkiyyəti ermənilərin əlinə keçib. Həmin şəxslər iddia ərizələrində Laçına qayıda bilmədiklərinə görə öz mülkiyyətlərindən istifadə edə bilmədiklərini qeyd ediblər. Ermənistan hakimiyyəti isə buna rəğmən onların məruz qaldığı zərərin müqabilində təzminat ödəməyib.
Dekabrın 13-də Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı fövqəladə zirvə toplantısı keçirilib. Tədbirdə Azərbaycan prezidenti iştirak və çıxış edib. Dövlət başçısı İslam Əməkdaşlıq Təşkilatına, onun üzv dövlətlərinə və dünyadakı müsəlman cəmiyyətlərinə Ermənistan-Azərbaycan münaqişəsinin həllində Azərbaycana göstərdikləri ədalətli dəstəyə görə təşəkkür ifadə edib. Bununla yanaşı Ermənistanın bəzi müsəlman ölkələri ilə dostluq əlaqəsində olduğunu deyib və bunu böyük riyakarlıq adlandırıb. Azərbaycan prezidenti həmin ölkələrin nümayəndələrinə bir daha ermənilərin işğal etdiyi torpaqlarımızda məscidləri və islam mədəniyyətinə aid digər qədim tikililəri dağıtdığını xatırladıb.