Xəyanətin sonu, Neft Daşlarında qətl, namus "razborkası", 6 yeniyetmənin ölümü - KRİMİNAL HƏFTƏ

Yola saldığımız həftə səs-küylü kriminal hadisələrlə yadda qalıb. APA TV-nin xəbərinə görə, Bakıda silahlı insident olub.

 

Paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsində Bakı sakini Vüsal Tufan oğlu Tanrıverdiyev aralarında yaranmış mübahisə zəminində bacısının əri Anar Vaqif oğlu Rəsulov və onun atası Vaqif Rəsulova ov tüfəngindən atəş açıb. Nəticədə ağır yaralanan hər iki şəxs xəstəxanaya yerləşdirilib.

 

V.Tanrıverdiyev saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb.

 

Güllə səsləri Bakının Sabunçu rayonunda da eşidilib. Maştağa qəsəbəsində qətl törədilib. Qəsəbə sakini öz gəlininin ərinə xəyanət etdiyi üçün tüfənglə qətlə yetirib. İlkin məlumata görə, 24 yaşlı qadın qonşuluqda olan bir kişi ilə görüşürmüş. Bundan xəbər tutan qayınatası tüfənglə onun başından atəş açaraq öldürüb.

 

Neft Daşlarında da qətl törədilib. SOCAR-ın "Neftqaztikinti" Trestinin 5 saylı Tikinti Quraşdırma bölməsinin fəhlələri Əsgərov Anar Təbriz oğlu və Xalıqov Azər Ədalət oğlu arasında məlum olmayan səbəblərdən şəxsi zəmində qarşıdurma baş verib. Nəticədə Anar Əsgərov Azər Xalıqova bıçaqla xəsarət yetirib. A.Xalıqov aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.

 

Ağdaş rayonunda isə tələbə oğlan bıçaqlanaraq öldürülüb. Hadisə dekabrın 14-ü səhər saatlarında Ağdaş şəhərinin Bəkir Nəbiyev küçəsində, mərkəzi poçtun qarşısında baş verib.

 

Əslən Ağdaş rayonundan olan və Bakıda yaşayan 2000-ci il təvəllüdlü Tərlan Fikrət oğlu Hacıyev həmyaşıdı, Ağdaş şəhəri Əhməd Cavad küçəsindəki 22 saylı mənzildə yaşayan Nəsibov Ətraf Nəsib oğlunu bıçaqlayıb. Ürək və kürək nahiyəsindən bıçaq xəsarətləri alan Ətraf Nəsibov hadisə yerində dünyasını dəyişib.

 

Qətli törədən Tərlan Hacıyev hadisə yerindən qaçaraq Qəbələ rayonunda yaşayan qohumunun evində, sonra isə meşə ərazisində gizlənsə də, Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən operativ əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılılıb.

 

Deyilənlərə görə, Ətraf Nəsibov Tərlan Hacıyevin Ağdaşda orta məktəbin 10-cu sinfində oxuyan və dayısının evində yaşayan bacısı ilə görüşüb. Sonradan qız barəsində xoşagəlməz fikirlər söyləyən Ətraf Nəsibovun bu hərəkəti Tərlan Hacıyevin xoşuna gəlməyib. Tərlan Hacıyev bacısına görə Bakıdan Ağdaşa gələrək Ətraf Nəsibovu amansızlıqla qətlə yetirib.

 

Bu həftə baş verən bədbəxt hadisələr bir neçə azyaşlının ölümü ilə nəticələnib. Ağdaş rayonunun Orta Ləki kənd orta məktəbinin 10-cu sinif şagirdi Mehriban Mehman qızı Osmanova yaşadığı evin həyətindəki turnikdə idman edən zaman ehtiyatsızlıq səbəbindən yerə yıxılıb və başı betona çırpılıb.

 

Ağır kəllə-beyin travması alan şagird xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

 

Lerikdə isə yıxılaraq xəsarət alan 12 yaşlı uşaq dünyasını dəyişib. Hadisə ucqar dağ kəndi Qələsərdə qeydə alınıb.

 

Kənd sakini 12 yaşlı Orxan İsgəndərov qarda xizəklə sürüşərkən müvazinətini itirib və yüksəklikdən yıxılıb və başı daşa dəyib.

 

O.İsgəndərova əvvəlcə Lerik Mərkəzi Rayon Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra Lənkəran Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Yeniyetmə bir neçə gün həkim nəzarətində olsa da, dekabrın 14-də dünyasını dəyişib.

 

Lənkəranda evdən xəbərsiz quş ovuna gedən yeniyetmə bədbəxt hadisənin qurbanı olub. Hadisə rayonun Balıqçılar qəsəbəsində qeydə alınıb.

 

15 yaşlı Heydər Axundov səhər saatlarında evdən çıxıb və geri qayıtmayıb. Axşama qədər yaxınları onun evə gəlmədiyini görərək axtarışlarına başlayıb. Bir neçə saat sonra H.Axundovun cansız bədəni Xəzər dənizinin sahilində tapılıb.

 

Məlum olub ki, o, ehtiyatsızlıqdan odlu silahdan açılan atəşlə özünü yaralayıb. Nəticədə Heydər suya yıxılıb və orada köməksiz vəziyyətdə qalaraq boğulub. Onun yanında başqa birinin də olub-olmadığı araşdırılır.

 

Lənkəranda göldən balıq tutmaq istəyən şəxs də bədbəxt hadisə nəticəsində həyatını itirib. Onu elektrik cərəyanı vurub.

 

Hadisə axşam saatlarında rayonun Girdəni kəndində baş verib. Rusiya vətəndaşı olan 52 yaşlı Tahir Əliyev əmisi oğlu ilə birlikdə kəndin meşə ərazisində yerləşən göldən tilovla balıq tutmağa gedib. Ancaq o, gölə tilov atmaq istəyərkən qamışın ucu gölün ərazisindən keçən yüksək gərginlikli elektrik xəttinin üzərinə düşüb və T.Əliyevi cərəyan vurub. Nəticədə üç uşaq atası hadisə yerində dünyasını dəyişib.

 

Məlumata görə, mərhum T.Əliyev kiçik övladının toyunda iştirak etmək, böyük övladını isə hərbi xidmətə yola salmaq üçün Rusiyadan doğulduğu kəndə qonaq gəlibmiş.

 

Dəm qazı yenə can almaqda davam edir. Hacıqabulda dəm qazı ailə faciəsinə səbəb olub.

 

33 yaşlı Ləman Eldar qızı Əliyeva yaşadığı evin hamamında 2013-cü il təvəllüdlü qızı Əliyeva Firuzə Vaqif qızı və 2014-cü il təvəllüdlü oğlu Əliyev Yusif Vaqif oğlu ilə birgə dəm qazından boğularaq ölüb.

 

Hamamdan gec çıxdıqlarını hiss edən yaxınları onların meyitlərini aşkar ediblər.

 

Bakının Sabunçu rayonunda isə dəm qazı 13 yaşlı qızın ölümünə səbəb olub. Bədbəxt hadisə Maştağa qəsəbəsində baş verib.

 

Uzun müddət zənglərə cavab verməyən 2004-cü il təvəllüdlü qəsəbə sakini Hüseynova Gülsarə Oqtay qızı huşsuz vəziyyətdə yaxınları tərəfindən hamam otağında aşkarlanıb və bu barədə təcili tibbi yardım xidmətinə məlumat verilib. Ancaq ilkin baxış zamanı onun dünyasını dəyişdiyi məlum olub.

 

Məlumata görə, 13 yaşlı qız həmin vaxt evdə tək olub. Onun ailə üzvləri isə ölkədə deyilmiş.

 

Gecə saatlarında Bakının Yasamal rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Hadisə kənar dairəvi yolda qeydə alınıb.

 

Məlumata görə, həmin avtomobil yolundan Yeni Yasamal yaşayış massivinə ayrılan hissədə, Qanlı Göl yaşayış massivinin qarşısında 2002-ci il təvəllüdlü Qənbərova Sevinc İslam qızı sərnişin avtobusundan düşərək qarşı tərəfə keçmək istəyib. 10-cu sinif şagirdi olan Sevinc məktəbdən evə qayıdırmış. Bu vaxt onu Məcnunzadə Çingiz Gündüz oğlunun idarə etdiyi "Hyundai" markalı minik maşını vurub. Ağır xəsarət almış yeniyetmə qız xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

 

Qeyd edək ki, yol qəzasının baş verdiyi yolda sürət həddi 110 km/saat-dır.

 

Bu həftə də ölkə ərazisində ölümlə nəticələnən yol qəzaları baş verib. Dekabrın 9-da Şəkidə 1996-cı il təvəllüdlü Bərdə rayon sakini Murad Nadir oğlu Bağırovun idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə 1959-cu il təvəllüdlü Gəncə şəhər sakini Şamil Mehdiyevin idarə etdiyi "Volkswagen Passat" toqquşub.

 

Nəticədə "Volkswagen Passat"ın sürücüsü Şamil Mehdiyev və avtomobildəki Rusiya Federasiyasının vətəndaşları - 1962-ci il təvəllüdlü Olqa Lesnikova, 1972-ci il təvəllüdlü Oksana Maskolnikova hadisə yerində ölüblər. Digər sərnişin, 1949-cu ildə Şəmkir rayonunda doğulan Rusiya vətəndaşı Rəfael Tağı oğlu Qasımov Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

 

Rusiya Federasiyasının ayrı-ayrı diyarlarından olan Olqa Lesnikova və Oksana Maskolnikova ixtisasca həkim-cərrah olublar. Onlar qəzada ölən Rəfael Qasımovun qonaqları imiş.

 

Digər ölümlə nəticələnən yol qəzası isə dekabrın 10-da Balakən rayonunun Katex kəndində baş verib.

 

Katex kənd sakini, 1957-ci il təvəllüdlü Əkrəm Murad oğlu Atayev idarə etdiyi "VAZ-2106" markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 1956-cı il təvəllüdlü həmkəndlisi Ofeliya Ələkbər qızı Məmmədovanı vurub. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan piyada hadisə yerində ölüb.

 

Goranboyda da ölümlə nəticələnən dəhşətli yol qəzası baş verib. Hadisə rayonun Qaraqucaq kəndi ərazisində qeydə alınıb.

 

Ağır tonnajlı "Shacman" markalı yük avtomobilinin "VAZ-2106" markalı minik avtomobilinə çırpılması nəticəsində "Jiquli"dəki 3 nəfər - sürücü Elçin Əsgərov, sərnişinlər - sürücünün qardaşı Tural Əsgərov və Kamil Qəhrəmanov hadisə yerində ölüblər. Meyitlər avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Gəncədə isə 73 yaşlı qadını avtobus vurub. Hadisə şəhərin Şəmkir avtovağzalı adlanan ərazisində baş verib.

 

Şəhər sakini, 1944-cü il təvəllüdlü Nərgiz Hüseyn qızı Ələsgərova xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Müəllif | Apa.Tv
Ayşən Əhməd