Evindən 2 kq-a yaxın tiryək götürüldü - ASTARADA ƏMƏLİYYAT

Astara polisi evində 2 kq-a yaxın narkotik vasitə gizlədən şəxsi saxlayıb.

 

APA TV-nin cənub bürosu xəbər verir ki, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini Zaur Hüseynov saxlanılaraq polis şöbəsinə gətirilib.

 

Baxış zamanı onun üzərindən narkotik vasitə olan 35 qram çəkidə tiryək aşkar edilərək götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Zaur Hüseynovun yaşadığı evə də baxış keçirilib. Evə baxış zamanı sellofan bağlamada gizlətdiyi 1 kq 900 qram çəkidə narkotik vasitə aşkarlanaraq götürülüb.

 

Saxlanılan şəxsin üzərindən və evdən götürülən, ekspertizaya təqdim olunan narkotik vasitənin ümumi çəkisinin 1 kq 935 qram tiryək olması barədə rəy verilib. Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər iki dəfə məhkumluq həyatı yaşayan Zaur Hüseynov narkotik vasitəni tanımadığı İran vətəndaşı olan Rza adlı şəxsdən aldığını bildirib.

 

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Müəllif | Apa.Tv