ABŞ yanaşması, Avropa marağı, Çindən Yaponiyaya "kriptopas" - "BİTCOİN" MÜƏMMASI

"Bitcoin" son dövrlər ənənəvi valyutalardan daha çox diqqət cəlb edir və həmin kriptovalyutanın "sabun köpüyü" olub-olmaması ilə bağlı şübhələr yaranır.


"Hazırda "Bitcoin"i qızılla müqayisə edirlər. Qızılın bazardakı həcmi 8,3, "Bitcoin"in kapitallaşma həcmi isə 300 milyard dollar təşkil edir. Analoji müqayisələrlə bu kriptovalyutanın böyük artım potensialına malik olduğu deyilir. Lakin bu barədə nəsə demək üçün valyutanın şaxələnmə prosesini izləmək lazımdır.

 

Bu virtual əmtəə nişanının beynəlxalq miqyasda tanınma ehtimalına gəlincə, bir çox ölkənin mərkəzi bankı özünün kriptovalyutasını yaratmaq barədə düşünür. Bu da elektron pulun artıq sərmayə baxımından əhəmiyyətli vasitəyə çevrildiyini göstərir.

 

"Kriptovalyuta əsrinin" başlanması ilə yüksək texnologiyalar sahəsində inhisarçılıq yaradan bəzi şirkətlərin müflis ola, ənənəvi bank və ödəniş sistemləri modeli sıradan çıxa bilər.

 

Ümumiyyətlə kriptovalyutaların geniş yayılması sosial şəbəkələrə, habelə elektron ticarətlə məşğul olan şirkətlərə diqqəti artırmaqla yanaşı, onların risklərini də artıracaq və elektron hesablaşma sistemini daha da stimullaşdıracaq.

Bu arada "Bitcoin"in gələcəyi ilə bağlı proqnoz və fikirlər, eləcə də Almaniyanın "Deutsche Boerse" birja operatoru tərəfindən bu virtual ödəniş vasitəsi derivativlərinin yaradılması onun dəyərinin maksimuma çatmasına yol açıb. Belə ki, dekabrın 15-də onun kursu 18 min dolları ötüb. Bu artımdan sonra dünyanın nəhəng birja operatorlarından birinin təmsilçisi artıq bu valyuta üzrə ticarət əməliyyatlarına başlamaq barədə düşündüklərini, lakin bütün risk faktorlarının nəzərə alınacağını açıqlayıb.

 

Əgər "Deutsche Boerse" kriptovalyuta alətlərinin buraxılmasına başlayarsa, bu Avropa maliyyə bazarının "Bitcoin"i leqallaşdırmaq yolunda atdığı ilk addım olacaq.


Hazırda "Bitcoin" üzrə fyuçerslər yalnız Chicago Board Options Exchange (Çikaqo Bord İksçendj) birjasında mümkündür.

"Deutsche Bank"ın analitikləri isə "Bitcoin" kriptovalyutası ətrafında son zamanlar yaranan ajiotajın səbəbkarının yaponların olduğunu iddia edir. Çindəki "Bitcoin" birjalarının bağlanmasından sonra bu sahədə öncüllük yaponlara keçib. O cümlədən hazırda bu kriptovalyuta ilə ümumi ticarət həcminin 32 faizi ABŞ dolları ilə həyata keçirilib.

 

ABŞ-a gəlincə, Federal Ehtiyatlar Sisteminin (FES) başçısı Canet Yellen "bitcoin"i etibarsız, yüksək dərəcəli spekulyativ aktivd adlandırıb və ondan çirkli pulların yuyulmasında istifadə oluna biləcəyini deyib.

 

Yellenin fikrincə hazırda beynəlxalq hesablaşmalarda "bitcoin" cüzi yer tutur. Həmçinin "bitcoin" qanunvericiliklə tənzimlənməyən qeyri-sabit mənfəət mənbəyi kimi səciyyələndirilir. Federal Ehtiyatlar Sistemi isə "bitcoin"lə bağlı hər hansı tənzimləyici rol oynamaq fikrində deyil.

 

Bütün danışılanların və baş verənlərin fonunda dünyanın ən iri kriptovalyutası olan "Bitcoin"un kursu oktyabr-noyabr ayları ərzində 127 faiz dəyər qazanıb. Bu ilin əvvəlində dəyəri 1000 dollar olan "Bitcoin" il ərzində 16,55 dəfə bahalaşıb.


 

Müəllif | Apa.Tv
Fərid Rəsulov