Lənkəranda Atabəylər dövrünə aid 150 sikkə aşkarlanıb

Lənkəranda son bir ay ərzində XI-XII əsrlərə aid 150-yə yaxın mis sikkə aşkarlanıb. APA TV-nin cənub bürosu xəbər verir ki, dirhəm və fəlslərdən ibarət sikkələr orta əsrlərin 17 ilini əhatə edir.

 

Bu qədər dəyərli tapıntıya verilən ilk qiymət isə ürəkağrıdıcı olub. Qədim sikkələr təsərrüfat işləri zamanı təsadüfən aşkar olunub və dəyər-dəyməzinə metaltoplama məntəqələrinə təhvil verilib.

 

Dirhəmlərin üzərində “La ilahə illəllah Muhəmməd rəsulullah” və 4 rəşidi xəlifələrin adı qeyd olunub. Arxa tərəfində isə zərb olunan şəhərin adı, ili və Atabəy Eldəgizin adı həkk olunub. Bu da onu sübut edir ki, sikkələr Atabəylər dövlətinə məxsusdur.

 

 

Tarix üzrə fəlsəfə doktoru, AMEA-nın Lənkəran Elmi Mərkəzinin Arxeologiya Şöbəsinin müdiri Mais Cəfərov hesab edir ki, mis sikkələrin tədavülü o dövrdə gümüş böhranı ilə əlaqədar olub. Tapıntılar arasında Səlcuq sultanlarının, Atabəylərin, o cümlədən onların məliklərinin də sikkələri mövcuddur. Dəfinə qədim dövlətçilik tariximizin öyrənilməsi, Atabəylər dövlətinin əmtəə-pul münasibətlərin araşdırılması baxımından xüsusi əhəmiyyət daşıyan qaynaq rolunu oynayır. Aşkarlanmış son tapıntı bir daha sübut edir ki, XI-XII əsrlərin ticarət şəbəkəsi olan İpək Yolunun şaxələrindən biri Azərbaycanın cənub-şərq bölgəsindən keçib və bu ucqar yerlərdə də ticarət mövcud olub. Tapıntıların əhəmiyyəti nəzərə alınaraq ilk dəfə cənub-şərq zonasının numizmatik xəritəsinin yaradılacağını deyən Mais Cəfərov əlavə etdi ki, sikkələrin kataloqu da yaradılaraq elmi ictimaiyyətə təqdim olunacaq. Bundan əlavə, numizmatika muzeyi təşkili olunacaq. Bu, numizmatikanın öyrənilməsi, geniş ictimaiyyətə tanıdılması, ölkəmizə gələn xarici turistlərə Azərbaycanda tarixən dövriyyədə olan yerli və əcnəbi pul vahidlərini, sikkələri tanıtmaq baxımından əhəmiyyətlidir.

 

Qeyd edək ki, 2013-cü ildə cənub bölgəsində aşkarlanan Kirman Atabəylərinin qızıl sikkələri Milli Azərbaycan Tarixi Muzeyinin numizmatika və epiqrafika şöbəsində saxlanılır.

 

Müəllif | Apa.Tv