Rusiyanın marağı, Səudiyyənin revanş ehtirası, İsrailin gözləntiləri - QÜDS BÖHRANI
"Qüds sammiti"nə qarşı tərəfdən reaksiyalar gözlənilən idi, bu, öz yerində... Toplantı davam edərkən iki gün əvvəl Ankaraya səfər edən və Türkiyə prezidenti ilə məhz Qüds mövzusunda müzakirələr aparan Putinin prezidenti olduğu Rusiyadan göstərilən münasibət sürpriz oldu. Kremldən Qüds məsələsində Rusiya ilə Ərdoğanın mövqeyinin üst-üstə düşmədiyi bəyan edildi.
Moskvanın Qüds məsələsində məqsədi kiminsə tərəfində olduğunu göstərmək deyil. Birincisi, Kreml bu məsələdən istifadə edib, müsəlman ölkələrinin ABŞ-a nifrətini daha da artıraraq, öz nüfuzunu yüksəltmək istəyir. Rusiya Suriya böhranının və İŞİD-in məğlubiyyətində oynadığı rolu nümayiş etdirərək, Fələstin-İsrail danışıqlarında da ən fəal vasitəçilərdən birinə çevrilib özü haqqında sülhpərvər və xilaskar imici formalaşdırmaq niyyətindədir. Hazırkı vəziyyət isə buna münbit şərait yaradır.
"Qüds sammiti"nə ən aşağı səviyyədə qatılaraq, tədbiri boykot edən Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə gəlincə... Toplantı keçirilərkən bu iki ölkənin ən yüksək - şahzadələr səviyyəsində Ər-Riyadda bir araya gəldiyi məlum oldu. Vəliəhd bin Salman və şahzadə bin Zayed Yəmən məsələsini müzakirə ediblər. Onlar Yəməndəki husilərə, eləcə də İranın bölgədə dəstək verdiyi digər silahlı qruplaşmalara qarşı birgə və daha sərt mübarizəyə start verilməsi qənaətinə gəlib. Vəliəhdin İrana qarşı sərt siyasətini və ölkədə başladığı islahatları belə səciyyələndirmək olar: son 5-6 ildir ərəb dünyası liderliyinə və regionun ən güclü dövlətinə çevrilmək iddiası hələlik alınmır. Ər-Riyad faktiki olaraq Suriya, Livan, Qətər və Yəməndə İrana uduzub və revanş ehtirası ilə alışıb-yanır. Vaşinqtonun, şəxsən Donald Trampın Tehrana olan məlum münasibəti Səudiyyədə ABŞ-ın dəstəyi ilə bu əvəzi çıxmaq istəyini gücləndirir. Qüds məsələsində də bu ölkənin bir çox müsəlman dövlətlərinin yox, qarşı tərəfdə yer alması da birinci növbədə bununla bağlı olmaqla yanaşı, həm də özünü etibarlı müttəfiq kimi göstərmək cəhdidir. Son günlər İsraillə aparılan gizlin danışıqlar, hətta vəliəhdin yəhudi dövlətinin paytaxtına rəsmən çağırılması, İsrailin kəşfiyyat nazirinin isə baş nazir Netanyahunun Ər-Riyada dəvət edilməsini məsləhət görməsi də bununla bağlıdır.
İsrailin baş naziri Benyamin Netanyahu isə son həftəsini demək olar ki, Avropada keçirib. Bunun da səbəbi var. İsrail rəsmisi Avropanın tam dəstəyi olmadan Qüdsün İsrailin paytaxtı kimi tanınmasının çətin olacağını yaxşı bilir. Onun Avropa turnesi çərçivəsində bir maraqlı məqam da ortaya çıxıb. Netanyahu ilk dəfə Avropa İttifaqının binasında olub. O, Avropanı yola gətirmək üçün bütün variantlardan istifadə etməyə çalışır. Baş nazirin Fransa prezidenti ilə görüşdə Qüdsün İsrailin paytaxtı olması faktından Bibliyada da yazıldığını deməsi diqqət çəkib.
Bütün bunların fonunda İsrail-Livan münasibətləri kəskinləşib. İsrail Müdafiə Nazirliyi Livan ərazisində İran raket bazalarının inşa edildiyini iddia edərək, adı çəkilən ölkənin daşını daş üstündə qoymayacaqlarını bəyan etdi. Livan isə səfirliyinin Fələstin paytaxtı kimi tanıdığı Qüdsdə açılacağını elan etməklə münaqişənin kəskinləşəcəyini anons etmiş oldu. Beləliklə, Qüds böhranı və Yaxın Şərqdə vəziyyət gərgin olaraq qalır.