Saakaşvili Ukrayna rəhbərinə yenə meydan oxudu - KİYEVDƏ TOQQUŞMA
Kiyevin mərkəzində Gürcüstanın sabiq prezidenti, Yeni Qüvvələr Hərəkatı Partiyasının lideri Mixail Saakaşvilinin tərəfdarlarının yürüşü başlayıb. APA TV-nin "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, M.Saakaşvili həyat yoldaşı və oğlu ilə birlikdə aksiyada iştirak edib.
Ukrayna prezidentinin impiçmenti haqqında qanunun qəbul olunmasını tələb edən aksiya iştirakçıları Taras Şevçenko parkından Azadlıq (Maydan) meydanına doğru hərəkət edib. Aksiya ilə əlaqədar Kiyevin mərkəzində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb.
Tərəfdarlar Kiyevin mərkəzində yerləşən Oktyabr sarayına hücum çəkib. Onlar saraya daxil olub. Qarşıdurma zamanı aksiyaçılar Milli Qvardiyanın hərbçilərinin müqavimətini qırıb, Oktyabr sarayının giriş qapısını sındıraraq içəri girib. Qvardiyaçılar aksiyaçılara yanğınsöndürmə vasitələri ilə müdaxilə etmək istəsələr də, bu, nəticəsiz qalıb.
Ancaq sonradan M.Saakaşvili öz tərəfdarlarını Oktyabr sarayını tərk etməyə və Azadlıq (Maydan) meydanına qayıtmağa çağırıb. Sarayın daxilində konsert keçirildiyini deyən sabiq qubernator günahsız insanların zərər görməməsi üçün belə bir addım atıb.
Məlumata görə, Oktyabr sarayına hücumu zamanı 30 polis əməkdaşı xəsarət alıb. Hazırda saray ətrafında vəziyyət tam polisin nəzarətindədir.