Şəkidə Prezident Kuboku uğrunda çövkən milli atüstü yarışları keçirilir
Şəkidə Prezident Kuboku uğrunda çövkən milli atüstü yarışları başlayıb.
APA TV-nin məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil edilən yarışlar Şəkidəki Respublika Atçılıq Turizm Mərkəzində keçirilir.
Oyunların açılış mərasimində Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak edib. Builki yarışlarda ilk dəfə olaraq respublikanın regionlarını təmsil edən 8 komanda və Bakını təmsil edən 4 komanda olmaqla ümumilikdə 12 komanda mübarizə aparır. Üç gün davam edən yarışlarda qalib gəlmiş komandalar 22-23 dekabr tarixlərində Bakıda təşkil edilmiş yarımfinal və final mərhələlərində iştirak edəcəklər.
Yarışları keçirməkdə məqsəd qədim tarixi ənənələrin bərpası, dirçəldilməsi, həmçinin atçılıq turizminin təbliği və inkişaf etdirilməsidir.
Yarışların son günü qalib olan komandalar Mədəniyyət və Turizm Nazirliyinin diplom və qiymətli hədiyyələri ilə mükafatlandırılacaqlar.
Qeyd edək ki, Azərbaycanın çövkən oyunu 2013-cü ildə UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.