Tramp düşmənlərin adını açıqladı: RUSİYA, ÇİN, İRAN, ŞİMALİ KOREYA, İŞİD...
"Rusiya və Çin Birləşmiş Ştatların maraqlarına meydan oxuyur".
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə Ağ Ev tərəfindən bazar ertəsi elan edilən ABŞ Milli Təhlükəsizlik Strategiyasının yeni redaktəsində bildirilib.
Sənəddə Çin və Rusiyanın Amerikanın gücü, nüfuzu və maraqlarına meydan oxuyaraq, Amerikanın təhlükəsizliyini və rifahını dağıtmağa çalışdığı, Rusiyanın ABŞ-ın Avropaya bağlılığına etimad səviyyəsini azaltmaq, Trans-Atlantika birliyini pozmaq və Avropa hökumətlərini zəiflətmək üçün təxribat tədbirlərindən istifadə etdiyi, habelə ABŞ-ın Rusiya və Çinin irəli sürdüyü, özünün milli təhlükəsizlik maraqlarına zidd olan sülhlə heç zaman razılaşmayacağı, bununla belə hər iki ölkə ilə əməkdaşlığa hazır olduğu qeyd edilir.
ABŞ-ın nüvə arsenalı barədə məlumat verilən strategiyada ölkə xaricindəki strateji nüvə başlıqlarının, habelə atom arsenalının saxlanmalı və inkişaf etdirilməli olduğu vurğulanır. Bundan əlavə, rəsmi Vaşinqtonun artıq sınaqdan keçirilmiş hava hücumundan müdafiə qüvvələrinin genişləndiriləcəyinə diqqət çəkilir.
Yenilənmiş strategiyanın müəllifləri həmçinin Rusiyanı Gürcüstan və Ukraynaya müdaxilədə, bu ölkələrin suverenliyini pozmaqda ittiham edir.
Müddəalardan biri də Rəsmi Pxenyanla bağlıdır. Belə ki, strateji sənəd müəllifləri Şimali Koreyanın hər an kimyəvi və bioloji silahlardan istifadə edəcəyindən ehtiyatlanır. İran məsələsinə xüsusi yer ayrılan strategiya layihəsində İran hakimiyyətinin terrorçu qruplaşmalara dəstək verdiyi və açıq şəkildə ABŞ-ın məhvinə yönələn çağırışlar etdiyi bildirilir.
Strategiyanın ana maddələrindən birini ABŞ iqtisadiyyatının möhkəmlənməsi təşkil edir. Sənəddə digər ölkələr ABŞ-ın intellektual mülkiyyətini mənimsəməkdə suçlanır və bu faktorla mübarizənin güclənməli olduğu zərurəti vurğulanır.
Son olaraq, strategiyada rəsmi Vaşinqtonun terrorçuluqla mübarizə xəttinə sadiqliyi bir daha təkrarlanır, hətta İŞİD-in məhvindən sonra belə onun ABŞ və digər dövlətlərdə törədə biləcəyi terror təhlükəsinin davam etdiyi bildirilir.