AMEA-da Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olunub

"Xalq Cümhuriyyətindən danışmaq dövlətçilikdən danışmaq deməkdir. Tarixin bu dönəmi araşdırılmalı, tədqiqatlar aparılmalıdır. Bu, tarixşünaslıq üçün mühüm məsələdir".

 

APA TV-nin məlumatına görə, bu fikirləri “Prezident sərəncamının işığında: Azərbaycan Xalq Cümhuriyyəti - 100” mövzusunda keçirilən elmi konfransda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

 

O, bildirib ki, AMEA-nın Tarix İnstitutu Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq istiqamətində mühüm işlər görür. “Qlobal miqyasda aparılan mübarizədə Azərbaycan alimləri kifayət qədər səmərəli fəaliyyət göstərir” deyən akademik əlavə edib ki, dünyanın müxtəlif ölkələrinin arxivlərindəki materiallar da gələcək tədqiqatlar üçün ciddi mənbə rolunu oynayır.

 

Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov isə qeyd edib ki, ötən əsrin əvvəlində ziyalılarımız nümunəvi cəmiyyət yarada bildi, Müsəlman Şərqinin ilk demokratik respublikası məhz Azərbaycanda quruldu, qadınlara seçki hüququ verildi. Akademik vurğulayıb ki, daim parçalanmaq təhlükəsi ilə üz-üzə qalmasına rəğmən, azərbaycanlılar 1918-ci ildə 5 min illik dövlətçiliyini bərpa edə bildi.

 

Tədbirdə qeyd olunub ki, prezidentin sərəncamına əsasən, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar bir neçə qurumun iştirakı ilə tədbirlər planı hazırlanıb. Bu konfransdan əlavə, bir beynəlxalq konfrans və fundamental nəşrin təqdimatı gözlənilir.  

 

Müəllif | Apa.Tv
Nigar Həsənli