ABŞ-dan veto, İsraildən təşəkkür, Ərdoğandan yeni bəyanat - QÜDS BÖHRANI
"BMT-də ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanınmasına qarşı etiraz qətnaməsinin müzakirəyə çıxarılması tərəfimizdən unudulmayacaq. ABŞ öz suverenliyini qorumalı olduğundan sənədə veto qoymağa məcbur idi və bu hüququndan istifadə etdi".
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu ABŞ-ın BMT-dəki nümayəndəsi Nikki Heyli bəyan edib. O, eyni zamanda sənədin lehinə Təhlükəsizlik Şurasının 14 üzvünün səs verdiyini xatırladıb. Sonuncu dəfə ABŞ İsrailin Fələstin torpaqlarında apardığı köçürmə siyasəti əleyhinə qətnaməyə 2011-ci ildə veto tətbiq edib.
Bu sənədin müzakirəyə çıxarılması ilə beynəlxalq ictimaiyyət ABŞ prezidenti Donald Trampın Qüds bəyanatı, habelə vitse-prezident Mayk Pensin bölgəyə səfərindən sonra Yaxın Şərqdə yeni münaqişənin qarşısını almaq istəyir.
Bu arada, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Fələstindəki diplomatik nümayəndəliyinin işğal olunmuş paytaxt adlandırdığı Qüdsə köçürüləcəyini bildirib.
Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahu Yaxın Şərq məsələsində veto hüququndan istifadə etdiyi üçün ABŞ-a təşəkkür edib.