Həkim-narkoloq: "Zəif iradəli, saf insanlar narkotikə tez qurşana bilər"

Sabunçu rayonu Nardaran qəsəbəsindəki 11 saylı inteqrasiya təlimli internat məktəbində "Narkomaniya bəşəriyyətin bəlasıdır!" və "Erkən nikaha "yox" deyək!" mövzularında tədbir keçirilib.

 

APA TV-nin xəbərinə görə, tədbirdə 100-ə qədər müəllim və şagird heyəti, Sabunçu RPİ-nin zabit heyəti, Rayon İcra Hakimiyyəti və hüquq-mühafizə orqanlarının nümayəndələri, həkim-narkoloq iştirak edib.

 

Tədbir iştirakçıları "Narkomaniya bəşəriyyətin bəlasıdır!" adlı sənədli filmə baxıb.

 

Çıxış edənlər qeyd olunan mövzuda silsilə tədbirlərin keçirilməsinin ölkə rəhbərliyinin birbaşa tapşırığının olduğunu vurğulayıb. Məqsəd ölkədə narkomaniyanın gəncləşməsinin qarşısının alınması, gənclərin dini-ekstremizmdən uzaq tutulması, erkən nikahlara son qoyulmasıdır.

 

Bakı şəhəri Narkoloji Dispanserin həkim-narkoloqu Pərvin Abbasova kimlərin narkotik istifadəçisi ola biləcəyini izah edib və buna qarşı tədbirləri sadalayıb: "Zəif iradəli, təsir altına daha tez düşən, saf insanlar. Bu insanlar əsasən qurbanlara çevrilir. Əsas səbəbləri sosial münasibətlərin korlanmasıdır. Stress, bəzən problemlərdən çıxış üçün bu yola əl atırlar. Moda və macəra axtarışı üçün qurşananlar var. Narkotiklərin asan əldə olunması, ətrafın təsiri buna səbəb ola bilər".

 

Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev isə narkomaniyanın fəsadlarından bəhs edib: "Narkomaniyaya qoşulan adam boş-bekar adam olur. Təhsillə məşğul olmur, işləmir. Cəmiyyətdə normal insanlardan təcrid olunur. Oxumayandan sonra küçədə tüfeyli həyat yaşayanlarla bir yerdə olur və narkotik vasitəyə qurşanır".

 

Tədbirin sonunda şagirdlərin suallarına cavab verilib.

Müəllif | Apa.Tv
Elvin Bayramlı