Bacısının və rəfiqəsinin evindən oğurluq etdi - ƏMANƏTƏ XƏYANƏT
Şirvan polisinə şəhərdəki mənzillərin birindən oğurluq edilməsi barədə məlumat daxil olub.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, məlumatla əlaqədar həmin ünvana gələn Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları müvafiq araşdırmalar aparıblar.
Məlum olub ki, Aytac Əmirovanın mənzilindən 800 manat pul və 3240 manat dəyərində qızıl-zinət əşyaları və məişət avadanlıqları oğurlanıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhələr ev sahibəsinin bacısının üzərində cəmlənib. Müstəntiq Bəhruz Rüstəmlinin sözlərinə görə, görülmüş təxirəsalınmaz tədbirlərlə Aytəkin Xalid qızı Əmirova Bakı şəhərində Şirvan polisinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib: "12 iyunda Şirvan şəhər sakini, Əmirova Aytəkin bacısı Aytac Əmirovanın evindən 800 manat pul, müxtəlif növ qızıl-zinət və geyim əşyalarını oğurlamaqla zərərçəkmiş şəxsə ümumilikdə 4040 manat ziyan vurmuşdu. Faktla əlaqədar Aytəkin Əmirova barəsində axtarış elan edilmiş və Bakı şəhərində saxlanılaraq təqsirləndirilən şəxs qismində istintaqa təhvil verilin. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir".
Aytəkin Əmirova ilkin ifadəsində törətdiyi cinayəti etiraf edib: "Bacım evi və uşaqlarını mənə tapşırmışdı, qızıllarının da bir qismini mənə etibar etmişdi. Özü də Gürcüstana gəzməyə getmişdi. Evdə olmamasından istifadə edib ehtiyacım olduğu üçün qızılları, bəzi əşyaları və pulları götürdüm. Qızılları və əşyaların bəzilərini Şirvanda satdım, sata bilmədiklərimi əşyaları isə geri qaytardım. Bundan əvvəl rəfiqəmin də evindən içkili vəziyyətdə olanda oğurluq etmişəm".
Faktla bağlı araşdırma aparılır.