Qubada bankomatdan pul oğurlamağa çalışan şəxs yaxalandı
Quba RPŞ əməkdaşları rayon ərazisində oğurluğun qarşısını alıblar.
DİN mətbuat xidmətinin Quba regional qrupundan APA TV-nin yerli bürosuna verilən məlumata görə, rayonun Zərdabi qəsəbə sakini, 24 yaşlı şəxs Asim Cabbarov gecə saatlarında Quba şəhəri Yeni Avtovağzal ərazisində yerləşən "KapitalBank"ın bankomatından oğurluğa cəhd edərkən RPŞ-nin əməkdaşları tərəfindən tutularaq polis şöbəsinə gətirilib.
Saxlanılan zaman onun üzərindən cinayətdə istifadə etdiyi bir ədəd metal ling, bir ədəd mətbəx bıçağı, bir ədəd maska və bir cüt əlcək maddi sübut kimi götürülüb. Saxlanılan şəxs törətdiyi cinayətini etiraf edib: "Taksidən düşüb avtovağzalın ərazisinə gəldim. Ordan bankomatı bıçaqla qırıb pulu çıxarmağa cəhd elədim. Alınmadı, çıxanda polis əməkdaşları yaxaladı məni".
Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.