9 yaşlı banqladeşli Bakıda keçirilən beynəlxalq müsabiqədə mükafat qazandı
"Dostluğun sehri" II Beynəlxalq Uşaq Rəsm Müsabiqəsinin nəticələri açıqlanıb.
APA TV-nin xəbərinə görə, Təhsil Nazirliyinin tabeliyində olan 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə baş tutan builki sərgi "Ölkəmin adət və ənənələri" mövzusunda keçirilib.
Müsabiqədə əsas məqsəd dünya xalqlarının tarixi keçmişini, milli adət-ənənələrini yaxından tanımaq, çəkdikləri rəsm əsərlərində uşaqların bu mövzu ilə bağlı fikir və düşüncələrini bilmək, dünya uşaqları arasında dostluq münasibətini yaratmaq və gənc istedadları üzə çıxarmaqdan ibarətdir:
3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Lalə Qəti müsabiqə ilə bağlı fikirlərini bölüşüb: "Sevindirici haldır ki, bizim bu yeni binada 2-ci beynəlxalq uşaq rəsm müsabiqəsinin yekun tədbiridir. Keçən il bizim rəsm müsabiqəmiz "Dostluğun sehri" adı ilə keçirildi. Bizim o sərgidə 12 ölkə iştirak edirdi. Bu gün bizim sərgidə 30 ölkədən 2539 iş iştirak edib. Onlardan ən yaxşı, ən layiqli işlər birinci, ikinci və üçüncü yerlərlə təltif olunublar. Gördüyünüz kimi, burada dünya uşaqları öz ölkələrinin adət ənənələrindən rəsmlər çəkiblər".
6-15 yaşlı uşaqlar çəkdikləri bir-birindən maraqlı, rəngarəng, rəsmlərdə mənsub olduqları ölkələrin milli adət-ənənələrini, milli bayram, geyim, oyun, musiqi alətləri və mətbəxini əks etdiriblər.
Peşəkar rəssam və mütəxəssislərdən təşkil olunan münsiflər heyətinin sayəsində 492 rəsm işi seçilib, bunlardan 232 iş və 3 yaş kateqoriyası üzrə qaliblər müəyyən edilib. 54 rəsm birinci yerə, 42 iş ikinci yerə, 95 rəsm həvəsləndirici yerlərə, Banqladeşdən olan 9 yaşlı Mohaimimin Sultana Miva isə "Qran-pri" mükafatına layiq görülüb. Bundan başqa, ən çox işi ilə fərqlənən xarici ölkələrin 28 rəsm studiyaları da xüsusi diplomlarla təltif olunub.
Qeyd edək ki, rəsm müsabiqəsinin tərəfdaşları Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasıdır.