Lənkəranda çay, çəltik və sitrus meyvələri festivalı keçirilib
Bu gün Lənkəranda ilk dəfə çay, çəltik və sitrus meyvələri festivalı keçirilib.
APA TV-nin xəbərinə görə, Azərbaycanın dövlət atributları və Lənkəranın simvolunu əks etdirən pavilyonlarda rayonda istehsal olunan sənaye və kənd təsərrüfatı məhsulları nümayiş etdirilib.
Lənkəranda möhtəşəm bayram ab-havası yaşanıb. Şəhərin mərkəzində ulu öndər Heydər Əliyevin adını daşıyan xatirə parkında təşkil olunan festivalda 10-a yaxın pavilyon qurulub. Bu pavilyonlarda 50-yə yaxın şirkət tərəfindən sənaye və kənd təsərrüfatı məhsulları və yerli təamlar nümayiş olunub.
Taxıl, çəltik, tərəvəz, bostan bitkiləri, sitrus meyvəçilik, çayçılıq, bir sözlə, Lənkəran iqtisadiyyatının bütün aparıcı sahələrinin təmsil olunduğu Məhsul bayramında rayonda istehsal olunan ərzaq, sənaye, kənd təsərrüfatı məhsulları, xalq sənətkarlığı nümunələri nümayiş etdirilib.
Bundan başqa, festivalda ən bacarıqlı və təcrübəli aşpazların hazırladığı yüksək keyfiyyətli yerli sortlardan olan "Haşimi", "Sədri", "Campo" düyülərindən bişirilən 50 növdən çox plov sərgilənib. Bununla bərabər, Lənkəran mətbəxinin ləziz təamlarından olan "Ləvəngi"dən hazırlanan xörəklər və müxtəlif çeşidli kabablar da qonaqlara təqdim olunub.
Bir saatlıq fasilədən sonra festival respublikanın tanınmış incəsənət ustalarının ifasında bayram konserti ilə davam etdirilib. Ümumilikdə bu möhtəşəm tədbirdə 5 mindən çox insan iştirak edib.