Bakıda törədilmiş 43 cinayətin üstü açıldı

Bakının Suraxanı rayonunda ayrı-ayrı vaxtlarda törədilmiş 43 cinayətin üstü açılıb.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobildən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən şəxslər saxlanılaraq istintaqa təhvil verilib.

 

Araşdırmalarla onların Bakı şəhər sakini Fuad Həsənov və Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Vaqif Allahyarov olduqları müəyyən edilib.

 

Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların digər cinayət əməllərinin də üstü açılıb. Onların cari ilin mart-noyabr ayları ərzində rayon ərazisində 37 avtomobildən akkumulyator, güzgülər, maqnitofon, pul, həmçinin 2 mağazadan, 1 kompüter salonundan, 1 “TopAZ” mərc oyunları məntəqəsindən, 1 çay evindən və 1 həyətyanı sahədən pul, ərzaq məhsulları və məişət əşyaları oğurlaması da müəyyən edilib. Oğurlanmış 16 ədəd avtomobil akkumulyatoru və 4 ədəd “Playstation” kompüteri polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

 

Faktlarla bağlı cinayət işi başlanılıb, onların digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.

Müəllif | Apa.Tv
Apa.tv