Səlim Müslümov: "İlin sonunadək bütün pensiya və müavinətlər ödəniləcək"
Bu ilin sonunadək bütün pensiya və müavinətlərin ödənişi həyata keçiriləcək. APA TV-nin xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
Onun sözlərinə görə, proses qrafikə uyğun gedir: "Bu gün işğal altında olan rayonların və böyük şəhərlərdə yaşayan pensiyaçıların pensiyalarının ödənilməsinə başlanıb. Müavinətlərlə bağlı dünən sonuncu ödəmələrin aparılması üçün vəsait açılıb. Bu proses yekunlaşır. Pensiyalar da qrafikə uyğun olaraq aparılır. İşğal altında olan rayonlar və böyük şəhərlərdən sonra respublikanın digər şəhər və rayonlarında yaşayanların pensiyaçıların pensiyalarının ödənişi həyata keçiriləcək. Sonda hərbi qulluqçu kimi xüsusi rütbəli şəxslərin pensiyaları maliyyələşdiriləcək".
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin birgə təşkilatçılığı ilə “Əmək bazarı: islahatlar, çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilib.
Səlim Müslümov bildirib ki, əvvəlki onillikdə mövcud olmuş işçi qüvvəsinin orta gəlirli iş yerləri ilə təmin olunması prosesini növbəti onillikdə də davam etdirməliyik. Onun sözlərinə görə, 2006-2016-cı illər ərzində Azərbaycanda əhalinin orta illik artım tempi 1,3 faizə yaxın olub. Bu da Avropa ölkələri arasında ən yüksək göstəricilərdən hesab edilir. Həmin dövrdə ölkəmizdə əhalinin sayı 14,7 faiz artaraq, 2017-ci ilin 1 yanvar tarixinə 9,8 milyon nəfər təşkil edib.