Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirləri Bakıda görüşdü

Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında üçtərəfli görüş keçirilib.

 
APA TV-nin məlumatına görə, beşinci üçtərəfli görüşdə üç ölkə arasında əməkdaşlıq və regional məsələlər müzakirə olunub.


Görüşün yekununda birgə Bəyannamə qəbul olunub.

 

Görüşdən sonra keçirilən birgə mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, üçtərəfli görüşdə Fələstin-İsrail məsələsini müzakirə olunub. Tərəflər bəyan edib ki, ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarını qəbul etmirlər.

 

Nazir bildirib ki, bu məsələ ilə bağlı sabah BMT Baş Assambleyası tərəfindən qətnamə layihəsinin qəbul edilməsi təklif olunub: "Azərbaycan, İran və Türkiyə hər üçü qətnamənin lehinə səs verəcək. Azərbaycanın Qüdslə bağlı mövqeyi Azərbaycan prezidenti tərəfindən İstanbulda səsləndirilib və o çağırış edib ki, ABŞ bu məsələyə bir daha baxsın. Azərbaycanın mövqeyi beynəlxalq ictimaiyyətin 2 dövlət prinsipi ilə bağlı mövqeyi ilə üst-üstə düşür"

 

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif qeyd edib ki, Azərbaycan, Türkiyə və İran birgə tarixi ənənələrə malikdir, ona görə də üçtərəfli format çox vacibdir.

 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə bildirib ki, Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü Türkiyədə olacaq.

Müəllif | Apa.Tv