Qonşusunun evindən 2500 dollar oğurladı
Sabunçu rayonu Balaxanı qəsəbəsində yerləşən fərdi evlərin birindən oğurluq edilib. APA TV-nin xəbərinə görə, bu barədə ev sahibi Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə məlumat verib.
Şikayətçi evdə olmadığı müddətdə naməlum şəxsin mənzilin pəncərəsini qıraraq içəri daxil olduğunu və oradan 2500 ABŞ dolları oğurladığını bildirib.
12-ci Polis Bölməsi əməkdaşlarının isti izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Sabunçu rayon sakini Həsən Abdullayev tutulub. Saxlanılan şəxs ifadəsində oğurluq etdiyi evin sahibi ilə qonşu olduğunu bildirib. O, qonşusunun evə gəlib-getmə vaxtını dəqiq bildiyi üçün mənzilə rahatlıqla daxil olduğunu qeyd edib.
H.Abdullayevin ətrafında əlavə olaraq həyata keçirilən istintaq-əməliyyat tədbirləri zamanı onun digər bir cinayətinin də üstü açılıb. Araşdırmalarla onun cari ilin fevralın 28-də Ramana qəsəbəsində daha bir evə daxil olduğu və oradan 450 manat pul, eləcə də 1500 manat dəyərində qızıl-zinət əşyaları oğurladığı müəyyən edilib.
Qeyd edilən faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.