Astarada Lənkəran sakinindən külli miqdarda narkotik götürüldü
Astara Rayon Polis Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayon sakini Azər Mehdiyevi saxlayıb.
APA TV-nin cənub bürosunun xəbərinə görə, Astaranın Şahağacı kəndi ərazisində saxlanılan zaman onun üzərindən 4 bağlamada narkotik vasitə olan 2 kilo 755 qram həşiş qətranı aşkar edilərək götürülüb.
Məlum olub ki, həşiş qətranı Azərbaycana qaçaqmalçılıq yolu ilə keçirilib və Azər Mehdiyevlə qabaqcadan əlbir olan, adı hələlik istintaqa məlum olmayan İran vətəndaşı tərəfindən Astara rayonunun Şahağacı kəndi ərazisindəki yarımçıq tikilidə gizlədilib.
Azər Mehdiyev narkotik maddəni həmin yerdən götürdükdən sonra polis tərəfindən saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.