Sərnişindaşıma şirkətinin istehsalat bazasında YDM - BAKIDA BİR İLK
Bakı Nəqliyyat Agentliyi ictimai nəqliyyatla bağlı problemlərin aradan qaldırılması istiqamətində bir sıra işlər görür.
APA TV-nin məlumatına görə, bunlar arasında istehsalat bazalarının yaradılmasını xüsusi qeyd etmək olar. Elə bu gün də növbəti, səkkizinci istehsalat bazasının açılışı oldu.
Bakı Nəqliyyat Agentliyinin tələbinə uyğun olaraq, növbəti istehsalat bazasının açılışı olub. Bu baza 7 marşrut xətti üzrə 119 ədəd avtobusa xidmət edir.
“Ayşən LTD” şirkətinə məxsus istehsalat bazası əsasən ətraf kənd və qəsəbələrdə fəaliyyət göstərən avtobuslar üçün nəzərdə tutulub. Bilgəh, Ramana, Binə, Mərdəkan və Buzovnaya hərəkət edən marşrutlar bu bazada həm təmir olunacaq, həm də saxlanacaq. MMC-nin rəhbəri İradə Əliyeva bildirib ki, maddi istehsalat bazasını yaratmaq günün tələbidir: “Maşınların gecə təmir olunaraq xəttə buraxılması sərnişinlərin təhlükəsiz vəziyyətdə daşınmasına imkan yaradır. Bizdə 7 xətt var. Eyni zamanda yeni ildən yeni avtobusların alınması ilə məşğul olacağıq. Növbəti ildə nağdsız hesablaşmaya da keçiləcək”.
İradə Əliyevanın sözlərinə görə, hər ay ən azı on sürücü təlimə göndərilir. Bazada texniki zona, tibb məntəqəsi, yeməkxana və başqa obyektlər var. Ümumilikdə, müəssisədə 220 nəfər işlə təmin olunub. Bazada daha bir yenilik tətbiq olunub.
Bazadakı yeniliklərdən biri də burada yanacaqdoldurma məntəqəsinin olmasıdır.
BNA-nın ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev bildirib ki, bazaların yaradılması ilə əlaqədar tələblərə əməl etməyən daşıyıcıların paytaxtın marşrut şəbəkəsində fəaliyyəti məhdudlaşdırılacaq: “İstehsalat bazalarının olması bu gün həm sərnişinləri, həm də BNA-nı narahat edən bir sıra məsələlərin aradan qalxması deməkdir. Sürücülər hər gün tibbi müayinədən, nəqliyyat vasitələri texniki baxışdan keçirilir. Qısa zamanda yeddi baza təşkil edildi. Bu baza ərazisinə görə kifayət qədər böyükdür”.
Marşrutlar relsdən qayıdandan sonra mühafizə olunan ərazidə saxlanılır. Növbəti ildə daha 10 belə bazanın yaradılması nəzərdə tutulub.
Qeyd edək ki, istehsalat bazaları ümumilikdə 37 marşrut xətti üzrə 515 ədəd ümumi istifadədə olan nəqliyyat vasitəsinə xidmət edir.