Tramp: "Qərarımıza qarşı çıxan ölkələrə maliyyə yardımı dayandırılacaq"
"ABŞ BMT Baş Assambleyasında ölkəsinin Qüdslə bağlı qərarının əleyhinə çıxan ölkələrə maliyyə yardımını dayandıracaq".
APA TV-nin məlumatına görə, bu bəyanatla prezident Donald Tramp çıxış edib:
"Bu dövlətlər bizdən pul alır, sonra da bizə qarşı səs verir. Onlara yüz minlərlə, bəzən də milyonlarla, bəzi hallarda milyardlarla dollar yardım ayırırıq, bunun əvəzində isə siyasətimizə qarşı çıxırlar" - deyə, Ağ Ev rəhbəri bildirib.
O, eyni zamanda ölkəsinin BMT-dəki nümayəndəsi Nikki Heylinin səsvermədə iştirak edən ölkələrə xəbərdarlıq məktubu göndərməsini dəstəkləyib. Məktubda qeyd olunur ki, ABŞ səsverməni diqqətlə izləyəcək və ona qarşı irəli sürülən sənədin tərəfdarlarını unutmayacaq.
Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarı BMT Baş Assambleyasının müzakirəsinə çıxarılacaq.