Bakıda yol kənarında quraşdırılan işıq plafonlarını oğurlayanlar tutuldu
Bakıda yol kənarında quraşdırılan işıq plafonlarını oğurlayanlar yaxalanıb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinə rayon ərazisində yol kənarında divara quraşdırılan 29 ədəd işıq plafonunun naməlum şəxslər tərəfindən sökülərək oğurlanması barədə məlumat daxil olub.
Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Vüqar Mustafayev, İlham Əhmədov və Nizami Cəbrayılov saxlanılıb. Aparılan araşdırmalar zamanı onların əlavə olaraq noyabr-dekabr ayları ərzində Bakı Elektrik Şəbəkəsinə məxsus 140 metr elektrik naqilini, “Bakı Abadlıq Xidməti” MMC-nin balansında olan 27 ədəd divar işığı və 141 ədəd spot işıqlarını oğurladıqları da müəyyən edilib. Saxlanılan şəxslər ifadələri zamanı oğurladıqları əşyaları əlvan metal qəbulu məntəqələrinə satdıqlarını bildiriblər.
Qeyd edilən faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.