Azərbaycan bankları investisiya xidməti göstərəcək - QANUN DƏYİŞİR
Yaxın vaxtda Azərbaycan bankları investisiya xidməti göstərəcək. APA TV-nin xəbərinə görə, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Maliyyə Bazarlarına İnfrastruktur Nəzarət İdarəsinin rəhbəri Ruslan Babayev “Azərbaycan kapital bazarları: Gələcəyə baxış” adlı tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, artıq bununla bağlı müəyyən təkliflər paketi hazırlanıb: "Gələcəkdə bankların investisiya xidməti göstərməsi ilə əlaqədar qanunvericiliyə müəyyən düzəlişlərin edilməsi nəzərdə tutulur. Qanunvericilikdə əsasən bankların investisiya xidməti göstərməsi üçün lisenziyalaşdırma məsələsi, hansı xidmətlərin göstərilməsinə razılıq verilməsi məsələsi öz əksini tapacaq. Çünki dünya təcrübəsində bütün investisiya xidmətlərinin banklar tərəfindən həyata keçirilməsinə icazə verilmir".
Onun sözlərinə görə, məsələ ilə bağlı 2018-ci ilin I və ya II rübündə qərar verilməsi gözlənilir.
“AzFinance” investisiya şirkətinin direktoru Abid Məmmədov isə bildirib ki, Azərbaycanda ilk investisiya bankı 2019-cu ilədək yaradıla bilər. O qeyd edib ki, hazırda müştərilər ənənəvi bank xidmətlərindən uzaqlaşmaqdadırlar: “2014-cü ilədək, yəni böhrana qədər insanlar iki növ investisiya alətini nəzərdən keçirirdi: bank depozitlərinə və ya daşınmaz əmlaka yatırım. İndi isə insanların çoxu investisiya şirkətlərinə üz tutur və onların təqdim etdiyi maliyyə alətləri ilə maraqlanır. Göründüyü kimi, insanlar standart investisiyalardan uzaqlaşır. Daşınmaz əmlak bazarında yaşanan bum xeyli sabitləşib. Üstəlik, bankların təqdim etdiyi standart depozitlər insanlar üçün o qədər də maraqlı deyil. Bildiyiniz kimi, əvvəllər banklar dollarda olan depozitlərə görə 12%-dək ödəniş edirdisə, hazırda faiz dərəcələri sərfəli deyil. Bu səbəbdən insanlar bizim təqdim etdiyimiz maliyyə alətlərinə üz tutur və risksiz alətlərə yatırım edir".
Abid Məmmədov deyib ki, "AzFinance" investisiya şirkəti biznesini inkişaf etdirmək üçün investisiya yatırımını bundan sonra da davam etdirəcək və gələcəkdə ilk investisiya bankının yaradılması üzərində işləyəcək.
Bakı Fond Birjasının (BFB) İdarə Heyətinin sədri Vüqar Namazov isə bildirib ki, xarici investorları Azərbaycana gətirmək əsas hədəflərindən biridir. Onun sözlərinə görə, növbəti illərdə pul bazarının formalaşdırılması, törəmə maliyyə alətlərinin yaradılması, listinqin inkişafı Bakı Fond Birjası üçün prioritetlərdən olacaq.