Bakıda dinlər və mədəniyyətlərarası dialoq mövzusunda beynəlxalq konfrans keçirilib

Dekabrın 21-də Bakıda, Heydər Əliyev Mərkəzində “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans keçirilib.

 

APA TV xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev konfransın açılış mərasimində iştirak edib.

 

Prezident İlham Əliyevin sərəncamı ilə elan edilən “İslam Həmrəyliyi İli”nin yekunlaşması ilə bağlı keçirilən konfrans Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə təşkil olunub.

 

Beynəlxalq konfransın açılışında 40-a yaxın ölkədən 150-dək nümayəndə, o cümlədən tanınmış dövlət, din və elm xadimləri, 8 beynəlxalq təşkilatın rəhbərləri və təmsilçiləri, müxtəlif ölkələrin dövlət başçılarının xüsusi nümayəndələri, dini konfessiya rəhbərləri, hökumətin və parlamentin üzvləri, diplomatik korpusun və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

 

Konfrans müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda çıxış edib.

 

Sonra İran prezidenti Həsən Ruhaninin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın, Özbəkistan prezidenti Şavkat Mirziyoyevin, Müqəddəs Taxt-Tacın (Vatikanın), Konstantinopol Patriarxı I Varfolomeyin, Moskva və bütün Rusiya Patriarxı Kirillin, Ümumgürcüstan Katolikos-Patriarxı II İliyanın konfrans iştirakçılarına müraciət məktubları oxunub.

 

Dünya müsəlmanları adından beynəlxalq konfrans iştirakçılarına müraciət edən ISESCO-nun baş direktoru Əbdüləziz Əl-Tuveycri İslam həmrəyliyi, dinlər və mədəniyyətlərarası dialoq işinin möhkəmləndirilməsində Azərbaycanın artan rolunu xüsusi vurğulayıb.

 

Qafqaz Müsəlmanları İdarəsinin sədri, MDB Dinlərarası Şurasının həmsədri şeyxülislam Allahşükür Paşazadə Beynəlxalq Konfransda məruzə ilə çıxış edib. Prezident İlham Əliyevin elan etdiyi “Multikulturalizm İli”ni və “İslam Həmrəyliyi İli”ni Azərbaycan dövlətinin dünyada gedən proseslərə özəl, dəyərli töhfəsi olduğunu vurğulayan Allahşükür Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə “İslam Həmrəyliyi İli” çərçivəsində bir çox ölkələrdə təşkil etdiyi beynəlxalq tədbirlər barədə məlumat verib.

 

Sonra xatirə şəkli çəkdirilib.

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd