Pakistan Senatının sədr müavini: "Ermənistanı bir dövlət kimi tanımırıq"
"Müxtəlif dinlərə mənsub xalqlar arasındakı dialoq gələcəkdə də davam etməlidir".
APA TV-nin məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı paytaxtımızda keçirilən "2017 - İslam Həmrəyliyi ili: dinlər və mədəniyyətlərarası dialoq" mövzusunda beynəlxalq konfransda çıxışında bildirib.
O deyib ki, dünyada dini və digər zəmində münaqişələrin tüğyan etdiyi bir dövrdə analoji tədbirlərin keçirilməsi əhəmiyyətli hesab olunmalıdır: "Dinlər və mədəniyyətlərarası dialoq məsələsi yalnız bir illə məhdudlaşa bilməz. Bu, böyük bir prosesə çevrilməlidir. Bunun üçün xüsusi əlaqələndirici şuranı yaratmağa da ehtiyac var".
Səudiyyə Ərəbistanının islam işləri, dəvət və irşad nazirinin birinci müavini Tofiq əl-Südeyri bildirib ki, bu gün bəzi ölkələrdə formalaşan düşüncənin əksinə olaraq, İslam sülh və sabitlik dinidir. Nazir müavini eyni zamanda İslam aləmini narahat edən Fələstin probleminə krallığın münasibətini açıqlayıb: "Bu gün biz dünyanın bir nömrəli problemi olan Fələstin-İsrail münaqişəsinin həllində Fələstinin yanındayıq və Qüdsün bu dövlətin paytaxtı olmasını daim dəstəkləyirik. Krallıqda husilərlə bağlı yaranan gərginliyə gəlincə, biz onlara və digər terror qruplaşmalarına qarşı mübarizəni davam etdirməliyik".
Pakistan Senatının sədr müavini Molana Əbdül Qafur Hedri isə iştirakçıların diqqətini Dağlıq Qarabağ münaqişəsinə yönəldib: "2016-cı ildə Nəvaz Şərif, 2017-ci ilin martında isə prezident İlham Əliyevin qarşılıqlı səfərləri reallaşıb. Azərbaycan Kəşmir məsələsində, mənim ölkəm isə Dağlıq Qarabağ probleminə münasibətdə ölkələrimizin ərazi bütövlüyünü dəstəkləyirik. Pakistan Ermənistanı bir dövlət kimi tanımır. Ümumiyyətlə, hesab edirik ki, İslam ölkələrinin bütün məsələlərdə bir-birini dəstəkləməsi son dərəcə önəmlidir".
Konfrans öz işini müzakirələrlə davam etdirib.