Bakıda V Azərbaycan-Rusiya Gənclər Forumu keçirilir

Bakıda “Yeni nəsil: sərhədsiz məsuliyyət” V Azərbaycan-Rusiya Gənclər Forumunun açılış mərasimi keçirilib.

 

APA TV-nin xəbərinə görə, Forumun açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri Leyla Əliyeva, gənclər və idman naziri Azad Rəhimov, millət vəkilləri və digər rəsmilər iştirak ediblər.

 

Tədbirdə çıxış edən nazir Azad Rəhimov Azərbaycanla Rusiya arasında tarixi dostluq əlaqələrindən danışıb, Azərbaycan dövlətinin gənclərə hər zaman diqqət və qayğı göstərdiyini tədbir iştirakçılarının diqqətində çatdırıb.

 

2005-2009-cu və 2011-2015-ci illəri əhatə edən “Azərbaycan gəncliyi” dövlət proqramlarının uğurla həyata keçirildiyini xatırladan nazir vurğulayıb ki, Azərbaycanda gənclərin hərtərəfli inkişafı stimullaşdırılır: "Azərbaycan prezidenti cənab İlham Əliyevin imzaladığı “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı ölkədə gənclər siyasətinin daha səmərəli həyata keçirilməsi istiqamətində atılan növbəti mühüm addımdır".

 

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib ki, forumun keçirilməsində əsas məqsəd yaxın qonşuluqda yaşayan gənclər arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsidir.

 

Rusiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Oleq Muraşov qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında əlaqələr hərtərəflidir: “Biz Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıyıq. Gənclərlə iş həm Azərbaycanda, həm də Rusiyada prioritetdir. Qeyd etməliyəm ki, Rusiyada 15 minə yaxın Azərbaycan vətəndaşı təhsil alır”.

 

Açılış mərasimi çıxışlarla başa çatıb.

 

Dekabrın 23-dək davam edəcək forumun təşkilatçısı Gənclər və İdman Nazirliyi, həmtəşkilatçıları Rusiya Elm və Təhsil Nazirliyi, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı, Azərbaycan Gənclər Təşkilatları Milli Şurası və Rusiyanın Uşaq və Gənclər Birlikləri Milli Şurasıdır. Builki Forum 2011-ci və 2012-ci illərdə Azərbaycan tərəfinin təşəbbüsü ilə Bakı şəhərində, daha sonra isə 2013-cü ildə Rusiyanın Qroznı şəhərində keçirilmiş “Yeni nəsil: sərhədsiz məsuliyyət” adlı forumların davamıdır.

Müəllif | Apa.Tv
Ayşən Əhməd