Şamaxıda qəbiristanlıqdan məzar daşları oğurlandı

Şamaxı rayonunda məzarlıqdan oğurluq hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Şamaxı  rayonunun Yeddi Günbəz qəbiristanlığında qeydə alınıb.

 

Qəbiristanlığın nəzarətçisi olmadığı üçün oğruların işi daha da asanlaşıb. Şamaxı sakini Babək Mirzəzadə babasının və digər şəxslərin məzarındakı mərmər daşların oğurlanması barədə Şamaxı rayon Polis Şöbəsinə məlumat verib. Qəbiristanlıqda 10-a yaxın şəxsin məzarındakı mərmər daşlar naməlum şəxslər tərəfindən sökülərək aparılıb. Elə məzar var ki, tamamilə sökülüb. Dünyasını dəyişən şəxslərin ailə üzvlərinə 2 min manata yaxın maddi ziyan dəyib.

 

Hadisə yerinə polis əməkdaşları gəlib və bu hadisənin birinci dəfə olmadığı, oxşar oğurluq hallarının noyabrın 3-də də qeydə alındığı bildirilib. O zaman da həmin qəbiristanlıqdan bir neçə qəbir daşı oğurlanmışdı. Lakin hadisənin kimin tərəfindən törədildiyi naməlum olaraq qalmışdı. Hələlik oğurluğun kim tərəfindən edildiyi məlum deyil.

 

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv
Elvin Yaqubov