Koreyalıların fitnes mərkəzi yandı, onlarla insan öldü - İŞƏ BAŞ NAZİR QARIŞDI

Cənubi Koreyada fitnes mərkəzində baş verən yanğın zamanı 29 nəfər dünyasını dəyişib. APA TV-nin "Associated Press" agentliyinə istinadən verdiyi xəbərə görə, Çeçxon şəhərində qeydə alınan hadisə nəticəsində daha 26 nəfərin xəsarət aldığı bildirilir.

İlkin məlumata əsasən, yanğına 8 mərtəbəli binanın zirzəmisində park edilmiş avtomobillərdən birinin qəfildən alışması səbəb olub. Nəticədə alov tez bir zamanda yuxarı mərtəbələrə doğru qalxıb və əsas girişi bağlayıb. Fitnes mərkəzi, demək olar ki, tamamilə yanıb. Ölənlərin əksəriyyəti də 2-ci mərtəbədəki saunada olanlar imiş.

Yanğınsöndürənlər binanı söndürsələr də, qatı tüstü xilasetmə işlərində çətinliklər yaradıb. Buna görə də ölüm hallarının arta biləcəyi istisna deyil.

Yanğınla bağlı xilasetmə və araşdırma işlərinə nəzarəti şəxsən ölkənin baş naziri öz üzərinə götürüb. Hadisə yerində xilasetmə işləri davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv