Goranboy və Samuxda 8 Qarabağ əlili və şəhid ailəsi evlə təmin edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Goranboy və Samux rayonlarında inşa etdirilmiş 8 yeni fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən APA TV-yə verilən məlumata görə, bu, ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına yönəlmiş proqramın bir hissəsidir.
Tədbirdə çıxış edən nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun direktor müavini Əminə Seyidzadə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin müasir tələblərə uyğun yeni mənzillərlə təminatı sahəsində nazirlik tərəfindən görülən işləri diqqətə çatdırıb. Qeyd olunub ki, Goranboy və Samux rayonlarında da bu sahədə işlərin davamı kimi, 2015-2017-ci illərdə 25-dək fərdi yaşayış evi inşa olunaraq Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib.
Daha sonra yeni fərdi yaşayış evlərinə baxış olub. İstifadəyə verilən evlərdə müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb. Evlərdən 5 ədədi Qarabağ müharibəsi əlillərinə, 3 ədədi isə şəhid ailələrinə təqdim olunub.
Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin maddi təminatlarının gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlərdən də bəhs olunub, onların Azərbaycan Prezidentinin aylıq təqaüdü, pensiya və sosial müavinətlərlə təmin olunduqları, bu sosial ödənişlərin mütəmadi olaraq artırıldığı bildirilib.