ABŞ-da ehtiyatlar son 2 ildə ən aşağı səviyyəyə endi - NEFT BAHALAŞIR
ABŞ-da xam neft ehtiyatlarının iki ilin ən aşağı səviyyəsinə enməsi və istehsal artmalarının sürətinin azalması ilə neftin qiymətlərində bahalaşma var.
APA TV-nin məlumatına görə, ABŞ-ın enerji informasiya idarəsinin açıqlamasına görə, xam neft ehtiyatları 436,5 milyon barelə enərək 2015-ci ildən bəri ən aşağı səviyyəyə enib. Neft istehsalı isə 9 həftəlik artım müddətində ən zəif artımla davam edir.
Şimali dənizində "Forties" boru xətti yeni ilin əvvəllərindən normal fəaliyyət göstərəcək. Mütəxəssislər neft bazarında əsas oyunçulardan biri kimi ABŞ-ın qaya nefti istehsalçılarını göstərir. Qiymətlərin 50 dolların üstündə olması bu ölkədə qaya nefti istehsalının artmasına münbit şərait yaradır.
OPEK-də isə vəziyyət bir az fərqlidir. Səudiyyə Ərəbistanının neft naziri Xalid Əl-Falih dünya miqyasında ehtiyatların iyun ayındakı səviyyəyə qısa vədədə düşməyəcəyini deyib.
Ötən 24 saat ərzində "Brent" markalı neft ciddi ucuzlaşma və bahalaşma yaşayıb. Hər dəfə qiymətlər 50-60 sent ucuzlaşıb, sonra yenidən əvvəlki vəziyyətinə qayıdıb. Hazırda "Brent" nefti 64,75 dollardan satılır. Qərbi Texas nefti isə 58,16 dollardan təklif olunur.