Göyçayda məktəb direktoru damarlarını doğradı
Göyçay rayonunda məktəb direktoru intihara cəhd edib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə ötən gün axşam saat 21:30 radələrində Göyçay şəhərinin Heydər Əliyev prospektində yerləşən 9 saylı orta məktəbin qarşısında baş verib.
Rayon sakini, 1961-ci il təvəllüdlü Akif Mövsüm oğlu Qəribov rəhbərlik etdiyi şəhər 9 saylı orta məktəbdəki iş otağında qolunun şah damarını kəsərək intihara cəhd edib. Çoxlu qan axması səbəbindən huşunu itirərək yerə yıxılan Akif Qəribov təcili yardım stansiyasının avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə çatdırılıb. Təcili əməliyyat olunan direktorun hazırda vəziyyəti ağır olaraq qalır. Hazırda o, reanimasiya şöbəsindədir.
Rayon sakinlərinin məlumatına görə, uzun illərdir məktəb direktoru işləyən Akif Qəribov ondan yüksək məbləğdə pul tələb olunduğu və pulu verə bilmədiyi üçün özünə qəsd edib. Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Bundan əlavə, Göyçay rayonunda başqa bir məktəbin direktoru ürək tutmasından dünyasını dəyişib. Rayonun Çayarxı kənd tam orta məktəbinin direktoru, 1954-cü il təvəllüdlü Mübariz Şamilov iş otağında infarkt keçirib və təcili olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Vəziyyəti ağır olan direktor ikin tibbi yardımdan sonra müalicə üçün Bakı şəhərinə aparılsa da, orada dünyasını dəyişib.