Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə yeni mənzillər verilib

Bu gün Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə yeni mənzillər verilib.

 

APA TV-nin xəbərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakıda yeni yaşayış binalarından alınaraq təmir etdirilmiş 81 ədəd mənzili Qarabağ müharibəsi və şəhid ailələrinin istifadəsinə verib. Həmin ailələrdən 4-ü Azərbaycanın Milli Qəhrəmanlarının ailələridir.

 

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov bildirib ki, təkcə bu ay nazirlik həmin təbəqələrə aid 100 nəfərdən çox şəxsi mənzillə təmin edib: "Növbəti dəfə bu qrup insanlara mənzil paylanacaq. Bildiyiniz kimi, biz son vaxtlara qədər mənzilləri inşa edib paylayırdıqsa, son zamanlar bu istiqamətdə müəyyən dəyişikliklər baş verib. Bunun da səbəbi var. Biz artıq hazır evləri alıb, təmir etdirib vətəndaşlara təqdim edirik. Əsas məqsədimiz də budur ki, biz istəyirik bizim əlillərimiz digər vətəndaşlarla birgə, eyni məkanda yaşasınlar bu da onların cəmiyyətə inteqrasiya problemləri həllinə köməklik göstərə bilsin. Son üç ildə  bu məsələ daha da sürətləndirilib. 2014-cü ildən bu günə qədər fərdi evlərin tikintisi və belə mənzillərin alınıb vətəndaşlara verilməsi hesabına 1350 ev artıq paylanılıb".

 

Daha sonra püşkatma keçirilib, mənzillərin açarları sahiblərinə təqdim olunub.

 

Sonda mənzillərdə yaradılmış şəraitə baxış olub. 

Müəllif | Apa.Tv
Almaz Qasımova