Cəlilabadda iki məktəbli itkin düşüb

Cəlilabadda iki azyaşlı uşaq itkin düşüb. APA TV-nin cənub bürosunun xəbərinə görə, məktəbə getmək adı ilə evdən çıxan azyaşlılardan bir neçə gündür ki, xəbər yoxdur.

 

Mehdi Hüseyn küçəsində yaşayan 14 yaşlı İsmayıl Əmənov və həmyaşıdı Xalid Əliyevi valideynləri səhər saatlarında məktəbə yola salıblar. Hər iki məktəbli qonşuluqda yaşadıqları üçün məktəbə də birlikdə gediblər. Doğmalarının sözlərinə görə, həmin gün onlar evdən həmişəkindən daha tez çıxıblar.

 

Günorta saatlarına azyaşlıların geri dönməməsindən narahat olan valideynləri məktəblə əlaqə saxladıqda, məlum olub ki, onlar həmin gün məktəbə gəlməyib.

 

İki gündür ki, azyaşlıları axtaran valideynləri onların hələ də harada olduqlarını bilmirlər. Hər iki azyaşlının ailə üzvləri evdə onlarla bağlı hər hansı bir narazılığın olmadığı deyirlər. Elə buna görə də uşaqların küsərək evdən getmələri istisna olunur.

 

Xalid Əliyevin atası Altay Əliyevdən aldığımız son məlumata görə, bu gün günorta saatlarda Cəlilabad rayonundakı Olimpiya İdman Kompleksinin ərazisində Xalid və İsmayıl təhlükəsizlik kameralarına düşüblər.

 

Qeyd edək ki, hər iki məktəbli rayonun Zərifə Əliyeva adına 7 saylı tam orta məktəbinin 9-cu sinif şagirdləridir. Hadisə ilə bağlı rayon polis şöbəsinə məlumat verilib, axtarışlara başlanılıb.

Müəllif | Apa.Tv
Elvin Bayramlı