İlham Əliyevin təhsil aldığı musiqi məktəbi 50 illiyini qeyd etdi
Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzi nəzdindəki orta musiqi məktəbinin yaradılmasının 50-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
APA TV-nin məlumatına görə, mərasimdə xidmətin rəisi, general-leytenant Mədət Quliyev çıxış edərək bildirib ki, Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra ölkədə yeni tarixi dövrün təməli qoyulub.
Xidmət rəisi ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu məktəbdə İlham və Sevil Əliyevaların da musiqi təhsili aldığını xatırladıb, prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın sənət adamlarının fəaliyyətinə daim yüksək qiymət verdiyini bildirib.
Tədbirdə prezident İlham Əliyevin sərəncamı ilə musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə məktəbin bir qrup müəlliminə fəxri ad və fəxri fərmanların verildiyi bildirilib. Mükafatları onlara Mədət Quliyev təqdim edib.
Daha sonra məktəb kollektivinin prezident İlham Əliyevə müraciəti oxunub, məktəbin tarixindən bəhs edən film nümayiş etdirilib.