Azərbaycanda 6,7 MİLYON MANATLIQ NARKOTİK YANDIRILDI
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyasının İşçi Qrupu bu il 158 məhkəmə hökmünə əsasən, müsadirə edilən narkotik vasitəni yandıraraq məhv edib. Dekabrın 10-da KİV nümayəndələrinin iştirakı ilə Sabunçu rayonu, Zabrat qəsəbəsi, Bakı Neft Maşınqayırma Zavodu ərazində xeyli narkotik yandırılıb.
APA TV -nın məlumatına görə, 168 kq 977, 509 qr həşiş, 129 kq 432, 657 qr marixuana, 48 kq 951,3 qr heroin, 55 kq 546, 98 qr tiryək, 17 kq 119, 89 qr çətənə kolları, 261,702 qr psixotrop maddələr, ümumilikdə 420 kq-dan artıq narkotik vasitə məhv edilib.
Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin “qara bazar”da ümumi dəyəri 6 milyon 660 min dollar təşkil edir. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyasının İşçi Qrupunun rəhbəri Məzahir Əliyev həmçinin bildirib ki, Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə hər il 4-5 məktəb şagirdi, həddi buluğa çatmamış şəxs cinayət məsuliyyətinə cəlb olunur.
O, bununla əlaqədar işçi qrupunun mütəmadi olaraq, məktəblərdə narkomaniyanın yayılmasının qarşısının alınması üçün anti-narkomaniya təbliğatı aparıldığını, yaddaş kitabçalarının paylandığını deyib.