Bakıda oğru tutulub - OĞURLADIĞI ƏŞYALARI İNTERNETDƏ SATMAQ İSTƏYİB
Sabunçu rayonu Balaxanı qəsəbəsində çay evlərindən birindən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA TV-yə bildirilib ki, bu barədə obyekt sahibi Sabunçu rayon Polis İdarəsi 12-ci Polis Bölməsinə məlumat verib.
Şikayətçi gecə saatlarında çay evinin qapılarının qırıldığını və oradan 2 ədəd "Sony playstation" kompyuteri, 1 ədəd skripka çalğı aləti və 3 ədəd suvenir qəlyan dəstinin oğurlandığını bildirib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Sabunçu rayon sakini Elşad Qasımov tutulub. Saxlanılan şəxs ifadəsində oğurluq etdiyi çay evinin sahibini əvvəldən tanıdığını və gecə saatlarında orada heç kimin olmadığını bildiyi üçün oğurluq etdiyini deyib.
E. Qasımov oğurladığı əşyaları satmaq üçün şəkilini çəkərək onlayn alış-veriş saytlarında yerləşdirib.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.