Ziyafət Əsgərov: "Azərbaycana qarşı təhdidlər ola bilər"

Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı son vaxtlar qəbul etdiyi qətnamələrə münasibət bildirib.

 

APA TV-nın məlumatına görə, Z. Əsgərov deyib ki, belə qətnamələrin qəbulu Azərbaycan prezidenti İlham Əliyevin yürütdüyü düzgün xarici siyasətin nəticəsidir: "Artıq Avropa İttifaqında da anladılar ki, ölkələrin ərazi bütövlüyünü tanımadan digər ölkələrin sabitliyinə təminat yoxdur. Burada bütün ölkələrə eyni cür yanaşma olmalıdır. Yoxsa birinin ərazi bütövlüyünün tanınması, digərinin tanınmaması ikili standartdır. Bu, Avropanın özündə də fəsadlar törədir".

 

O qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünü tanımaq və dəstək vermək Avropa İttifaqının birbaşa öhdəliyidir: "Hazırda bütün dünyada təhdidlər var. Azərbaycan da dünyadan təcrid olunmadığı üçün bu təhdidlər Azərbaycana qarşı da olub və indi də ola bilər".

 

Ziyafət Əsgərov gələn il Azərbaycanda prezident seçkilərinə də diqqət çəkib: "Seçkilər normal keçiriləcək, ictimai-siyasi sabitlik qorunub saxlanılacaq. Bizim təhlükəsizlik orqanları çox güclüdür və öz işini yüksək səviyyədə qurub və təhlükəsizliyə tam nəzarət edir. Onlar mümkün hər bir təhdidə qarşı da lazımı cavab verəcəklər".

 

Müəllif | Apa.Tv
Apa.tv