SOCAR-ın I vitse-prezidenti: "44-45 milyard dollar pul lazımdır"

Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Bakıda "Şərqlə qərbin qovşağında: yeni enerji və kommunikasiya imkanları" adlı konfrans keçirilib.

 

APA TV-nın məlumatına görə, konfransda partiya rəhbərliyi, hökumət üzvləri, partiyanın yerli təşkilatlarının rəhbərləri və deputatlar iştirak edib.

 

Tədbirdə çıxış edən YAP sədrinin müavini, icra katibi, baş nazirin müavini Əli Əhmədov bu konfransın prezident İlham Əliyevin doğum günü ərəfəsində keçirildiyini bildirib: "Mən Azərbaycan xalqı, YAP adından prezident İlham Əliyevi təbrik edirəm. Prezidentimizə möhkəm can sağlığı arzu edirəm. Azərbaycanda 2018-ci ildə növbəti prezident seçkiləri keçiriləcək. Cəmi 10 aydan sonra. Prezident İlham Əliyevin yüksək nüfuzu, reytinqi, onun həyata keçirdiyi siyasətin insanlar tərəfindən birmənalı şəkildə dəstəklənməsi, Azərbaycanın həyatında baş verən ciddi pozitiv dəyişikliklər, Azərbaycanın dünya miqyasında rolunun artması - bütün bunlar məcmu halında prezidentimizin yüksək seçki şansını təmin edir. Mən inanıram ki, 2018-ci ildə prezident seçkilərindən sonra biz gələn ilin dekabr konfransını prezidentimizin yeni qələbəsinin tarixi sevinci altında keçirəcəyik".

 

"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov  milli nəqliyyat sisteminin beynəlxalq nəqliyyat sisteminə inteqrasiyasını təmin etmək üçün dəmir yolu, dəniz, avtomobil, hava, boru kəməri yolları tədqiq edilir.

 

O əlavə edib ki, Azərbaycan yol ayırıcında yerləşən ən mühüm ölkə hesab edilir: "Yolayrıcılığının yaratdığı imkanlardan səmərəli istifadəni təmin etməklə tranzit xidmətlərindən əldə edilən vəsaitin büdcənin əsas gəlir mənbəyinə çevrilməsi qarşıya qoyulan əsas məqsədlərdən biridir".

 

SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə isə qeyd edib ki, cənub qaz dəhlizi layihəsinin işə salınması üçün 44-45 milyard dollar lazımdır.  Bu vəsaitin 25 milyard dolları artıq xərclənib.

 

Onun sözlərinə görə, bu layihə üzrə işlərin böyük hissəsi artıq görülüb: "2018-ci ildə TANAP, 2019-cu ildə isə TAP layihəsi hazır olacaq. Azərbaycan bu borular vasitəsi ilə Avropanı qazla təmin edəcək. Hərdən belə fikirlər səsləndirilir ki, bizdə o qədər həcmdə qaz olacaqmı? Biz bu boru xəttini doldura biləcəyikmi? Hər çıxışında prezident İlham Əliyev də təsdiq edir ki, Azərbaycanda təsdiq olunmuş qaz ehtiyatları həcmi 2,6 trilyon kubmetrdir. Təsdiq olunmamış qaz ehtiyatları və perspektivlərlə birlikdə 6 trilyon kubmetr qaz var. Odur ki, bizim bu kəmərləri doldurmağa qazımız olacaq. İran və Rusiyanın da gələcəkdə bu boru kəmərlərinə qoşulmaqla bağlı söhbətlər var. Bu ölkələr də bu layihələrə qoşulmasalar belə, bizim öz qazımız bu kəmərləri doldurmağa çatacaq".

 

O əlavə edib ki, Azərbaycanın "Şahdəniz" qaz yatağı var və həmin yataqa 1 trilyon 200 milyard kubmetr qaz, 240 milyon kondensat mövcuddur. Bundan başqa, Abşeronda da yeni qaz yataqları kəşf edib. Bu yataqlarda da qazın həcmi az deyil.

 

Tədbir bədii hissə ilə davam etdirilib.

Müəllif | Apa.Tv
Apa.tv