Qəbələdə "Onkoloji xəstəliklərin müasir diaqnostikası və müalicəsi" elmi-nəzəri konfransı keçirilib

Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin (RİİB), Səhiyyə Nazirliyi və Milli Onkologiya Mərkəzinin (MOM) birgə təşkilatçılığı ilə Qəbələdə və ərtaf 15 rayonda onkologiya və ümumi terapiya sahəsində fəaliyyət göstərən 150-dən çox həkim üçün "Onkoloji xəstəliklərin müasir diaqnostikası və müalicəsi" mövzusunda elmi-nəzəri konfrans təşkil olunub.


APA TV-nin yerli bürosunun məlumatına görə, konfransda Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli Milli Onkologiya Mərkəzi ilə Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi arasında sıx əməkdaşlıq qurulduğunu, hər iki qurumun birgə təşkilatçılığı ilə bugünədək respublikanın müxtəlif regionlarında ödənişsiz onkoloji müayinələrin təşkil edildiyini, bu müayinələrin 3000-dən çox vətəndaşımızı əhatə etdiyini, müayinələrin nəticələrindən asılı olaraq müvafiq müalicələrin təyin olunduğunu, zəruri hallarda uğurlu cərrahiyyə əməliyyatlarının aparıldığını diqqətə çatdırıb.

Milli Onkologiya Mərkəzinin baş-boyun şişləri şöbəsinin cərrah-onkoloqu, professor Əziz Əliyev bildirib ki, mərkəzdə son 3 ildə tətbiq edilən cərrahi əməliyyatlar tibb sahəsində çox böyük addım, nailiyyət hesab olunur.


Daha sonra konfransda mərkəzin həkimlərinin xərçəng xəstəliyinin müalicə və müayinəsində müasir yanaşmaları özündə əks etdirən çıxışları maraqla qarşılanıb.


Konfransda xərçəng xəstəliyinin cərrahi əməliyyatlarında tətbiq olunan yeni üsullar videogörüntülər vasitəsilə izah olunub, suallar cavablandırılıb. Sonda iştirakçılara sertfikatlar təqdim olunub.
 

Müəllif | Apa.Tv
Apa.tv