Rusiya ABŞ-la Şimali Koreyaya vasitəçilik təklif etdi - VAŞİNQTONDAN CAVAB GƏLDİ

"Biz ABŞ və Şimali Koreyanı dialoqa çağırırıq və bu prosesdə vasitəçi olmağa hazırıq".

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib.

 

Nazir bildirib ki, Koreya yarımadasındakı problem yalnız dialoq yolu ilə həll olunmalı, bunun üçün də Pxenyana təzyiqlərə son qoyulmalıdır.

 

O, rəsmi Vaşinqton və müttəfiqlərinin, eləcə də Pxenyanın böhran yarada biləcək addımlardan çəkinməli olduğunu deyərək, Rusiyanın dialoqun reallaşmasına töhfə verəcəyini vurğulayıb: "Biz Pxenyanın nüvə dövlətinə çevrilməsindən narahatıq, amma bu ölkəyə qarşı təzyiq göstərilməsi ilə bağlı mövqeyi dəstəkləmirik. Pxenyanın mövqeyi nüvə silahının yayılmaması haqqında qlobal razılaşmanın pozulması deməkdir".

 

Bu arada S.Lavrovun mövqeyinə Vaşinqtondan reaksiya gəlib. Dövlət Departamentinin sözçüsü Hizer Nauret bildirib ki, ölkəsi indiki şəraitdə Pxenyanla dialoqu mümkünsüz sayır və Şimali Koreyanın nüvə proqramı və raket sınaqlarından imtina etməli olduğunu hesab edir.

 

Qeyd edək ki, rəsmi Pxenyan ABŞ-ın sanksiya siyasəti səbəbindən bu ölkə ilə hər hansı müstəvidə müzakirələri istisna edib. 

Müəllif | Apa.Tv
Fərid Rəsulov