Gənclər və İdman Nazirliyi ilin ən yaxşılarını açıqladı

“Qarabağ" bütün Azərbaycan xalqını sevindirib. Bəzi matçlarda məğlubiyyət olsa belə, çıxışını gözəl qiymətləndirirəm”. APA TV-nin xəbərinə görə, bunu gənclər və idman naziri Azad Rəhimov 2017-ci ilin idman yekunlarına həsr olunmuş mətbuat konfransı zamanı deyib.


A.Rəhimov “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov haqda xoş sözlər söyləyib: “Qurban Qurbanov yüksək peşəkarlıq göstərdi və azarkeşlərə inam bağışladı. Baxmayaraq ki, “Qarabağ”ın büdcəsi rəqibləri ilə müqayisədə qat-qat aşağıdır”.

 

Prezidentin tapşırığına əsasən, futbolun inkişafına dair yeni Dövlət Proqramı hazırlandığını deyən nazir qeyd edib ki, proqramın 2018 və ya 2019-cu ildə qəbul olunması gözlənilir.

 

Onun sözlərinə görə, 2017-ci il Azərbaycan idmanı üçün uğurlu olub. Qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib, medalların sayı artıb. Azərbaycan idmançıları il ərzində 234 beynəlxalq yarış, o cümlədən dünya və Avropa çempionatlarında iştirak ediblər: "Respublikamızda isə 2019 daxili yarış təşkil olunub. Azərbaycan 55 beynəlxalq yarışa ev sahibliyi edib. Təbii ki, bu yarışların içində ən mühümü IV İslam Həmrəyliyi Oyunları olub".

 

Qeyd edək ki, bu gün Gənclər və İdman Nazirliyi 2017-ci ilə yekun vurub. Dövlət Tərbiyəsi və İdman Akademiyasının zalında təşkil edilən təntənəli mərasimdə ən yaxşıların adları məlum olub. Tədbirdə ilin ən yaxşı idmançıları, komandası, məşqçisi, hakimi, federasiyası, digər nominasiyaları üzrə qaliblər mükafatlandırılıblar.

 

İlin ən yaxşı idmançıları Məhəmmədrəsul Məcidov (boks), Hacı Əliyev (sərbəst güləş), Milad Harçeqani (taekvondo), Hidayət Heydərov (cüdo), Bəhrəm Rəcəbzadə (kikboksinq), Mariya Stadnik (güləş), İlham Zəkiyev (paracüdo), Nazim Babayev (atletika), Mixail Malkin (gimnastika, tamblinq), Şəhriyar Məmmədyarov (şahmat), Rəşad Sadıqov (futbol) və Ruslan Lunyov (güllə atıcılığı) seçilib.

 

İlin ən yaxşı məşqçiləri Rəşad Əhmədov (taekvondo), Elçin İsmayılov (cüdo), Ziyad Xəlifəyev (atletika), Faiq Qarayev (voleybol), Qurban Qurbanov (futbol), İlin ən yaxşı idman hakimləri Fariz Hüseynov (cüdo), Fuad Aslanov (boks) və Vüqar Ələsgərov (atletika) sayılıb.

 

İlin ən fəal idman veteranı Məryam Bağbanlı, İlin idman həkimi Rövşən Muradov (taekvondo), İlin ən yaxşı idman jurnalisti Sərxan Musalı (Futbol+), İlin ən yaxşı media layihəsi "İdman hamı üçün" (Space TV), İlin ən yaxşı idman agentliyi SİA, İlin ən yaxşı idman verilişlərinin təşkilatçısı AzTV seçilib.  

Müəllif | Apa.Tv
Almaz Qasımova