Ziyafət Əsgərov: “Böyük dövlətlərin birgə gördüyü iş birgə bəyanatla bitir”

Milli Məclisdə “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında parlamentin rolu” mövzusunda konfrans keçirilib. ‪

 

APA TV-nin məlumatına görə, konfransda Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri, baş nazirin müavini Əli Əhmədov, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İshaqzai, deputatlar iştirak ediblər.

 

Konfransda çıxış edən Əli Əhmədov BMT tərəfindən hazırlanmış və həyata keçirilməkdə olan qlobal layihə - Dayanıqlı İnkişaf üzrə gündəlik barədə məlumat verib. O qeyd edib ki, bu layihə 2015-ci ildə hazırlanıb. Dünya dövlətlərinin əksəriyyəti, o cümlədən Azərbaycan bu layihəyə qoşulub. Layihənin əsas məqsədi 2030-cu ilə qədər dünyada iqtisadi və sosial cəhətdən, eyni zamanda ətraf mühitin yaxşılaşdırılması baxımından köklü dəyişikliklər edilməsindən ibarətdir. Bu qlobal layihə həyatın bütün sferalarını əhatə edir, həmçinin bu layihə bütün dövlətlər üçün - istər inkişaf etməkdə olan, istər orta səviyyədə inkişaf etmiş, istərsə də inkişaf etmiş olan dövlətlər üçün nəzərdə tutulub. Söhbət qarşıdakı 15 il ərzində bütün dünya dövlətlərində çox ciddi, pozitiv dəyişikliklərin təmin edilməsindən gedir.

 

Baş nazirin müavini bildirib ki, parlamentdə xüsusi qrup yaradılsa, bu təsisatlanma istiqamətində daha bir addım ola bilər: “Eyni zamanda parlamentin nəzdində yaradılacaq qurum qəbul ediləcək qanunların Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olması işinə öz töhfəsini verə bilər. Parlamentdə yaradılan qurum Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası və digər qurumlarla əməkdaşlıq edə bilər”.

 

Ə.Əhmədov qeyd edib ki, Azərbaycan 231 statistik göstərici üzrə BMT-yə hesabat təqdim edəcək: “Bizdə statistik göstəricilərin sayı 76-dan 130-a qədər artırılıb. Digər dövlətlərdə bu göstəricilər azdır. Statistik göstəricilərin sayının 231-ə çatdırılması ilə bağlı Dövlət Statistika Komitəsi işləyir”.

 

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov konfransın əhəmiyyətindən danışıb. Bildirib ki, müzakirəyə çıxarılan “Dayanıqlı İnkişaf üzrə Gündəlik” layihəsində 2015-ci ildən 2030-cu ilə qədər qarşıya qoyulan hədəflərin, vəzifələrin həyata keçirilməsi istiqamətində mühüm məsələlər öz əksini tapıb: "Dünya təhdid içərisindədir. Hər bir ölkənin qapısını təhdidlər döyür. Bunların aradan qaldırılması üçün təhsil səviyyəsini artırmalıyıq”.

 

Vitse-spiker qeyd edib ki, dünyanın xüsusilə böyük dövlətləri sözü bir yerə qoysalar, əməli fəaliyyətdə birgə olsalar, onda bu problemlər həll olunar: “Böyük dövlətlər dünyada problemlərin həlli ilə bağlı ortaq məxrəcə gələ bilmirlər. Onların birgə gördüyü iş, sadəcə, birgə bəyanatla bitir”.

 

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai qeyd edib ki, Milli Əlaqələndirmə Şurası qısa zaman kəsiyində yaranmasına baxmayaraq, kifayət qədər uğurlar qazanıb.

 

Konfransda Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov “Azərbaycan Respublikasında Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə görülmüş işlər və qarşıda duran perspektivlər”, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “Dayanıqlı İnkişaf Məqsədlərində sosial aspektlərin həyata keçirilməsində parlamentin rolu”, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə “Dayanıqlı İnkişaf Məqsədlərində iqtisadi hədəflərə nail olunmasında parlamentin rolu”, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Dayanıqlı İnkişafda sağlam yaşayışın təmin olunması hədəflərinə nail olunmasında parlamentin rolu” mövzuları ilə çıxış ediblər.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı