Ağaclar aşdı, evlərin damı uçdu, rayon işıqsız qaldı - GÖYÇAYDA KÜLƏK FƏLAKƏTİ

Bu gün səhər saatlarından başlayaraq Göyçay rayonunda əsən güclü külək təsərrüfatın ayrı-ayrı sahələrinə ciddi ziyan vurub.

 

Rayon Elektrik Şəbəkəsindən APA TV-nin yerli bürosuna bildiriblər ki, küləyin təsiri nəticəsində Göyçay şəhərinin 3 ayrı-ayrı ərazisində, eləcə də kəndlərdə elektrik xətlərində problem yaranıb.

 

Hazırda rayon ərazisində 3-10 kv-lıq, 3 kəndin hər birində isə 1 ədəd 10 kv-luq xətlər qırılıb və 6 elektrik dirəyi aşıb. Bu səbəbdən rayon üzrə elektrik enerjisinin verilişi tamamilə dayanıb.

 

Güclü külək bir çox yerdə ağacları və rabitə dirəklərini aşırıb, naqilləri qıraraq sıradan çıxarıb. Həmçinin şəhərin bir neçə küçəsində iri gövdəli ağaclar yaşayış evlərinin, yardımçı tikililərin üzərinə düşüb, hasar və evlərin divarları dağılıb, bir minik avtomobili əzilib. Külək rayon ərazisində fərdi yaşayış evlərinin, 7 ədəd beş və üçmərtəbəli yaşayış binasının, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin dam örtüyünü qoparıb. Qasırğa şəklini alan külək hələ də davam edir.

 

Hazırda rayonda elektrik və rabitə xətlərinin bərpası üçün tədbirlər görülür, evlərin üstünə və küçələrə yıxılan ağaclar kəsilərək ərazidən götürülür. Hazırda rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri küləyin təsiri nəticəsində ziyan çəkən ərazilərə baxış keçirir və lazımi tədbirlər görülür.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov