Sumqayıt sakinindən 3 kq narkotik götürüldü
Sumqayıt sakinindən külli miqdarda narkotik maddə götürülüb.
APA TV-nin xəbərinə görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları tərəfindən şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Kərimov şübhəli şəxs qismində saxlanılıb.
Polis idarəsində onun üzərinə baxış zamanı 0,991 qram narkotik maddə hesab edilən heroin aşkar olunub. Əməliyyat tədbirlərinin davamı olaraq R.Kərimovun yaşadığı evə də baxış keçirilib. Bu zaman oradan külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Ekspertizaya təqdim olunan həmin narkotik vasitənin ümumi çəkisinin 2 kiloqram 995 qram heroin olması barədə rəy verilib.
Saxlanılan şəxs ifadəsində külli miqdarda narkotik vasitəni qabaqcadan cinayət əlaqəsinə girdiyi, şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının vətəndaşından aldığını bildirib.
Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.