“İrəli” İctimai Birliyinin 9 illiyi qeyd olunub
“İrəli” İctimai Birliyinin yaranmasının 9 illiyi qeyd olunub. APA TV-nin məlumatına görə, öncə dövlət himni səsləndirilib.
Mərasimdə çıxış edən millət vəkili Fuad Muradov təşkilatın fəaliyyətini yüksək qiymətləndirib. O bildirib ki, “İrəli” İctimai Birliyi 9 il öncə gənclər hərəkatı olaraq yola çıxıb. Bu gün isə ictimai birlik olaraq əksər yerli, regional və beynəlxalq tədbirlərdə kifayət qədər fəaldır. “İrəli”nin yetirmələri bu gün müxtəlif diplomatik korpuslarda uğurla təmsil olunurlar.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev dövlətin gənclər siyasətinin həyata keçirilməsində gənclər təşkilatlarının rolunun böyük olduğunu qeyd edib. O bildirib ki, bu gün ölkəmizdə 3 min gənclər təşkilatı var. Onlardan bəziləri rəqabətə dözməyib birləşiblər. Amma “İrəli” artıq 9 ildir fəaliyyət göstərir. Təşkilat məhz uğurlu layihələri ilə özünə layiqli yer tutub.
Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov, millət vəkili Şahin İsmayılov “İrəli” İctimai Birliyinin fəaliyyətindən bəhs edərək, təşkilatın gənclər siyasətinə mühüm töhfələr verdiyini nəzərə çatdırıblar.
“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov bildirib ki, təşkilatın əsas məqsədi gənclərlə bağlı proqram və layihələrə dəstək verməkdir. O, qeyd edib ki, növbəti il üçün nəzərdə tutulan fəaliyyət planı artıq hazırdır.
Tədbirdə təşkilatın 2017-ci il üçün hesabat filmi nümayiş olunub, prezident İlham Əliyevə doğum günü münasibətilə təbrik məktubu ünvanlanıb.